Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanı öldürənlər Baş nazir Nikol Paşinyanı hədəfə alıblar.
Oxu.Az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, keçmiş Prezident Serj Sarqsyanın yaxın silahdaşı olan Kutoyanın qətlinə görə Paşinyan hökuməti təndiq olunacaq.
“Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək. Qətlin siyasi motivləri var. Kutoyanı özününkülər qətlə yetiriblərsə belə, diqqətlər Nikol Paşinyana yönələcək”, - deyə E.Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, vaxtilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. “Ermənistanda da eyni ssenari işləyə bilərdi”, - deyə əlavə edib.
Qeyd edək ki, Georgi Kutoyan Yerevan şəhərində ölü tapılıb. Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğu bildirib. Meyitin tapıldığı yerə istintaq qrupu cəlb edilib.