Axtarış...

Türkiyə üçün NÖVBƏTİ TƏHLÜKƏ - Gələn ildən başlayaraq...



Növbəti il qardaş ölkə üçün o qədər də sakit keçməyəcək.

Redaktor.az bildirir ki, analitik Vüqar Zifəroğlu Amerika Birləşmiş Ştatları senatının qondarma erməni soyqırımınının tanınması ilə bağlı qətnaməni qəbul etməsi, bunun fonunda tez-tez Türkiyəyə qarşı yeni iqtisadi və hətta siyasi sanksiyaların qəbul edilməsi ilə bağlı təhdidlərin dilə gətirilməsinin səbəblərinə aydınlıq gətirib.



Analitik hesab edir ki, təkcə 2020-ci il deyil, yaxın 4-5 il Türkiyə üçün böyük sınaq müddəti olacaq:

“Burada ən vacib, önəmli tərəfin ABŞ olacağı da artıq məlum məsələdir. Bunun isə Lozandan, hətta Sevrdən başlanan bir əsrlik uzun bir yolu var. Amma bu məsələni aydınlaşdırmadan əvvəl məhz adlarını yuxarıda qeyd etdiyimiz şəhərlərin isimləri ilə tarixə keçən və nəticə etibarilə bugünkü Türkiyə Cümhuriyyətinin elanı ilə nəticələnən Sevr və Lozanna müqavilələri ilə bağlı məsələlərə retrospektiv-təhlili baxış sərgiləmək lazımdır. Ümumiyyətlə, diqqət etmisinizsə, 1923-cü ildə imzalanmış Lozanna anlaşması ətrafında son illərdə ciddi fikir polemikaları və mübahisələr mövcuddur”.

Analitik müqavilə imzalanandan indiyədək razılaşma ilə bağlı fərqli fikirlər səsləndirilməsinin səbəbinə aydınlıq gətirib:

“Lozan müqaviləsi - 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə Britanya İmparatorluğu, Fransa Respublikası, İtaliya Krallığı, Yaponiya İmperatorluğu, Yunanıstan Krallığı, Rumıniya Krallığı və Serb, Xorvat və Sloveniya Krallığı (Yugoslaviya) nümayəndələri tərəfindən imzalanmış sülh razılaşmasıdır. 1920-ci ildə imzalanmış Sevr müqaviləsindən fərqli olaraq, yeni müqavilə Türkiyəni nəinki müstəqil cümhuriyyət olaraq tanıyırdı, hətta bundan əvvəlki müqavilədə təsbit edilmiş və türklər üçün ağır olan bir çox maddələri qüvvədən salırdı. Sevr müqaviləsi bütünlükdə Osmanlı əleyhinə hazırlanmış və qəbulu mümkünsüz olan bir razılaşma idi. Bu, ilk növbədə Osmanlı ərazisində Ermənistan və Kürdüstan dövlətlərinin qurulmasını, Ədirnə və Kırklareli daxil olmaqla Trakyanın böyük hissəsinin Yunanıstana, Ceyhan, Antep, Urfa, Mardin və Cizrə şəhər mərkəzlərinin Suriyaya verilməsini, İstanbul Boğazları və Çanaqqala Boğazı və Mərmərə Dənizinin demilitarizasiyasını, beş il müddətinə İzmirin Yunanıstana tərk edilməsini və bu müddətdən sonra Osmanlı və ya Yunanıstan ərazisində qalması ilə bağlı səsvermənin keçirilməsini, Türkiyə maliyyəsinin tam nəzarət altına alınmasını, hərbi kontingent və jandama qüvvələrinin cəmi 50700 nəfərlə məhdudlaşdırılmasını, 1914-cü ildə Osmanlı İmperiyası tərəfindən birtərəfli olaraq ləğv edilmiş kapitulyasiyaların müttəfiq dövlətlərin vətəndaşlarının xeyrinə yenidən bərpasını və s. maddələri özündə təsbit edirdi. Sevr müqaviləsində uydurma Erməni soyqırımı ilə bağlı da bir neçə maddə öz əksini tapmışdı. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi. Təsadüfi deyil ki, İstanbulda əyləşən Osmanlı hökumətindən fəqrli olaraq, Ankara qəti şəkildə bu müqaviləni rədd edərək, onu imzalayanları vətən xaini elan etdilər. Cümhurriyyət elan edildikdən sonra isə, Sevr müqaviləsini imzalayan nümayəndə heyətinin üzvləri 23 aprel 1924-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən 150 üzv siyahısına əlavə edildi və 28 may 1927-ci ildə vətəndaşlıqdan çıxarıldılar”.

V. Zifəroğlu qeyd edib ki, Anadolunun dörd bir yanında alovlanan azadlıq mücadiləsi və işğalçılara qarşı şiddətli müqavimət, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması, sonrakı mərhələdə Ədirnə və Qars müqavilələrinin imzalanması ilə nəticələndi:

“Bu Türkiyəyə öz şərq sərhədlərini möhkəmləndirmək imkanı tanıdı. Bütün bu hadisələr artıq özünü elan etməyə tam hazır olan Cümhuriyyətə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi. Və beləliklə də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadənin də yazdığı kimi, "Mənhus Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu". O zaman belə bir sual çıxır: Əcəba Sevr müqaviləsində nə var idiki, onun son zamanlarda belə tərifi, təbliğatı aparılmaqdadır? Əslində cavab çox sadədir. Sevr müqaviləsi Osmanlının Xilafət statusunu tanıyırdı. ABŞ və Avropa üçün oyuncaq halına gətirilmiş Xilafət taxtı qorxulu deyildi və əksinə, onun qalması gələcəkdə mümkün ola biləcək milli ideyaların, ən əsası isə həmin dövrdə artıq ciddi şəkildə yayılmağa başlayan və geniş tərəfdar toplayan cümhuriyyətçilik, türkçülük görüşlərinə qarşı alternativ olaraq istifadəsinə imkan verəcəkdi. Qərb sıradan çıxmış, çökmüş, oyuncaq halına gəlmiş xilafət taxtını və siyasi əhəmiyyətini itirmiş ümmət nəzəriyyəsini saxlamaqda maraqlı idi. Onlar anlayırdılar ki, Ankarada təşkilatlanan alternativ görüş qalib gələcəyi təqdirdə, Xilafət nağılı sona ərəcək. Necə ki, sona ərdi də”.

V. Zifəroğlu vurğulayıb ki, Qərb bu gün də bu anlayışlardan milli türk məfkurəsinə qarşı ideoloji-siyasi alternativ olaraq istifadə etməkdədir:

“Lozanna müqaviləsi ətrafında manipulyasiyalar artmaqdadır. Yuxarıda da aydınlaşdırdığımız kimi, Qərbin bir başa maraqlarının təminatçısı olan Sevr müqaviləsinin ləğv edilərək, döyük meydanlarından zəfərlə çıxan və minlərlə şəhidin qanı bahasında qurulmuş Cümhuriyyətin həyat vəsiqəsi məhz Lozanna müqaviləsi oldu. 8 ay davam edən gərgin siyasi-diplomatik danışıqların nəticəsi olaraq ortaya qoyulan Lozanna müqaviləsi Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən etməklə, tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Bu müqavilə ilə bir çox problemlər həllini tapdı, o cümlədən Osmanlıda yaşayan erməni və yəhudilərin statusu müəyyən edildi. Lakin İraqla Türkiyə sərhədindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına da gətirib çıxardı. Lakin Lozan müqaviləsi ətrafında manipulyasiya edilən ən vacib iki xüsus, onun 100 illik müddətə imzalanması və hansısa gizli maddələri özündə ehtiva etməsi ilə bağlıdır”.

Analitik bildirib ki, Lozanna müqaviləsi müddətli deyil və bu razılaşma yeni bir müqavilə imzalananadək qüvvəsində qalır:

“Yəni hansısa müddətlə məhdudlaşmır. Bu baxımdan guya ki, 2023-cü ildə Lozanna müqaviləsinin qüvvədən düşəcəyi və Osmanlı xilafətinin yenidən elan olunacağı ilə bağlı səfsəfələrə inanmaq, heç bir məntiqə sığmır. İkinci ciddi müzakirə predmeti Lozanna müqaviləsində Türkiyənin 100 il müddətinə yeraltı sərvətlərindən istifadə edə bilməməsi ilə bağlı maddənin olmasıdır. İddiaya görə Türkiyənin şərqində Əbdülhəmid dönəmindən müəyyənləşdirilmiş neft yataqları mövcuddur və Lozanna müqaviləsi bunlardan istifadəni qadağan edir. Lozanna müqaviləsini internet üzərindən tapıb oxumaq olar. Belə bir maddə yoxdur”.

V. Zifəroğlunun sözlərinə görə, belə bir maddə, hətta gilzində olsa belə olsaydı, Türkiyə bir dövlət olaraq belə bir öhdəlik götürsəydi, o zaman Atatürk yeraltı və yerüstü sərvətlərlə bağlı qanunlar qəbul etməzdi:

“Məsələn, 24 mart 1926-cı ildə 792 saylı Neft Qanunu, 20 may 1933-cü ildə Qızıl və Neft İdarə Qanununun qəbul edilməsində məqsəd nə idi? Hələ biz, 14 iyun 1935-ci ildə təsis edilən Mədən tədqiq və arama Genel Müdürlüyünü demirik. Cümhuriyyət qurulandan indiyədək, Türk höküməti həm yerüstü, həm də yeraltı sərvətlərinin tədqiqi və istsmarı ilə bağlı bir çox layihələr həyata keçirtdi. Maraqlananlar, Türkiyə dövlətinin təbii ehtiyatlar və xam maddələrin çıxarılması və istismarı ilə bağlı Türkiyənin rəsmi dövlət strukturlarının, o cümlədən Enerji və Təbii Ehtiyatlar Nazirliyinin hesabatları ilə tanış ola bilərlər. Yəni məntiqi nəticə: Lozanda belə bir maddə də yoxdur və ümumiyyətlə Türkiyə üçün hər hansı bir şəkildə, açıq və ya gizli belə bir şərt irəli sürülməyib. Demək ki, Sevri təbliğ edənlərin, Lozannanı gözdən salanların və onun ətrafında manipulyasiya edənlərin məqsədləri tam başqadır”.

V. Zifəroğlu 2023-cü ildə Türkiyəni nələrin gözlədiyinə də aydınlıq gətirib:

“Burada 2023-cü ildən daha çox, Lozanna müqaviləsini qəbul etməyən Amerikanın mövqeyini aydınlaşdırmağa ehtiyac var. O Amerikanın ki, bu gün də Cümhuriyyətin ilk illərində olduğu kimi eyni təzyiq kartlarından istifadə edir. Senatı isə, bir neçə gün əvvəl qondarma soyqırımının tanınması ilə bağlı qətnamə qəbul etdi. Amerika, Lozanna Razılaşması və ermənilər arasında da əlaqə mövcuddur. Lozanna Sülh Razılaşmasından başqa, 6 avqust 1923-cü ildə elə həmin Lozanna şəhərində Türkiyə ilə ABŞ arasında imzalanmış başqa bir “Lozanna Razılaşması” da var – “Türk-Amerika dostluq və ticarət razılaşması” adlanır. Bu razılaşma, Amerika senatı tərəfindən, elə ermənilərin təzyiqi ilə rədd edilmişdi. 4 il (1923-1927) davam edən müzakirələrin nəticəsində erməni lobbisinin təzyiqi ilə müqavilənin qəbul edilməməsi, sonrakı illərdə bu iki dövlətin münasibətlərinə də ciddi təsir edəcəkdi. Çox maraqlıdır ki, məhz bu müzakirələr getdiyi zamanda Amerika ictimaiyyətində Türkiyə və Atatürk əleyhinə media vasitəsi ilə aparılan ciddi qarayaxma və qara PR kompaniyası zamanı irəli atılan iftiralar, günümüzdə də Türkiyəyə qarşı yönəlik propoqanda üçün əsas elementlərdir. Amerikanın indi də ən böyük media konqlomeratından biri olan “New-York Times” qəzetindən bəzi başlıqlara diqqət edək: “Senator King: Mustafa Kamal adlı quldurun vəhşət və zülmünə qarşı çıxmalıyıq” (03.02.1922); “Prof. Duggan: Türklər Avropadan çəkilib əsl yurdları olan Anadolunun bir küncünə yerləşmədikcə Yaxın Şərq problemi sona çatmayacaq” (02.04.1922); “İngiltərə Türklərin yeni qəddarlıqlarına qarşı qabaran bir hirs dalğasıyla çalxanmaqda və ingilis hökuməti, Yaxın Şərqdə öz siyasətini qəbul ettirə bilmək üçün zəhmət çəkməkdədir... Türklər 1915-ci ildə erməniləri yox etmək məqsədi ilə etdiklərini, indi də Anadoludakı rumlara tətbiq edirlər” (17.05.1922); “Yunan orduları Mustafa Kamalı durduramadığı təqdirdə Yunanıstanın dəstəyi ilə Ege bölgəsində qurulması planlaşdırılan müstəqil 'İyonya Dövləti' bir xəyal olacaqdır” (31.08.1922); “Anadoludaki savaşın Türklərin zəfəri ilə nəticələnməsi yaxın tarixin ən qorxunc hadisəsidir. Qorxunc Türk bütün vəhşətiylə yenidən səhnəyə çıxmışdır” (02.10.1922); “"Morgenthau müttəfiq Dövlətlərin Türkiyəyə qarşı güc tətbiq etməsini tələb edir” (10.01.1923) və s. Bu başlıqları davam etdirmək də olar. Diqqət edin: başlıqlarda irəli sürülən fikir və tezislərin üstündən hardasa bir əsr keçməsinə baxmayaraq, müasir günümüzdə sərgilənən mövqe ilə arasında heç bir fərq yoxdur. Maraqlı məqam odur ki, həmin illərdə təkcə qəzetlər vasitəsi ilə deyil, müxtəlif ədəbiyyatlar, kitablar və araşdırmalarla da bu kompaniya aparılır, hətta bu təbliğat-təşviqat işinə alimlər, məşhur siyasətçilər və diplomatlar da cəlb edilirdilər. ABŞ hər formada Lozan müqaviləsinə qarşı ciddi təbliğat aparır, müttəfiqləri bu müqaviləni ləğv etməyə çağırır, Sevr müqaviləsinin gündəmə gətirilməsinə çalışırdı. Bütün bu təbliğatın əsas vurğu nöqtələrindən biri də məhz erməni məsələsi, qondarma soyqırım iddiası və Türkiyə torpaqlarında qurulması nəzərdə tutulan xəyali böyük ermənistan iddiası idi. Bu gün də belədir”.

Analitik bu məsələlərdə ermənilərlə bağlı olan maraqlı məqamları da təqdim edib:

“Məqsəd, okeanın o tayının bir əsrdir ki, erməni və qondarma soyqırım kartından necə istifadə etdiyini, elə onların öz dili ilə diqqətinizə çatdırmaqdır. 1924-cü ildə yayımlanan “Lozanna Müqaviləsi və Kamalist Türkiyə" (The Lausanne Treaty and Kemalist Turkey) adlı kitabdan başlamaq olar. Bu kitab başdan ayağa Türkiyəyə qarşı iftira, Lozanna Müqaviləsinə qarşı ciddi təbliğat və dirəniş çağrısı, eyni zamanda erməni məsələsi ilə bağlıdır. Məsələn, elə 3-cü səhifədə Lozanna Müqaviləsinin “Türk müqaviləsi” olaraq xarakterizə edilməsi və “Türk müqaviləsinə ölüm!” çağırışı, yazılan kitabın gerçək hədəf və mahiyyətini ortaya qoymuş olur. 19-cu səhifədə irəli sürülən fikir isə, Amerikanın 1 əsrdir erməni siyasətinin kilid məqamı kimi qiymətləndirilə bilər: “Müstəqil və Birləşmiş Ermənistanın şərt olaraq üzərində durulması vacib idi”. Kitabın 45-ci səhifəsində yazılan cümlələr isə ümumiyyətlə birbaşa mövqeni sərgiləyir: “Sevr anlaşmasında ermənilərə verilen Anadolu torpaqları Lozanna müqaviləsində də ermənilərə verilmədikçə, Sevrdə Xristianlara tanınan üstün hüquqlar Lozanda da tanınmadıqca, Amerikan Xristian Missionerlərə Türkiyədə fəaliyyət üçün sərhədsiz imkan tanınmadıqca, əvvəllər olduğu kimi konsulluqların məhkəmə səlahiyyəti tanınmadıqca, kapitulyasiyalar əvvəlki kimi sürmədikcə Amerika, yanlış olarak "Türkiyə Cümhuriyyəti" adlandırılan "Yaxın Şərq Suiqəsdçiləri" ilə imzalanan Lozanna Müqaviləsini qəbul etməyi rədd etməlidir”. Səhifə 51-də isə Atatürk hökuməti erməni və xristian əhaliyə qarşı qətliam törətməkdə ittiham edilir: “Kamalistlər 4 illik (1920-1924) idarəçilikləri dövründə 300.000 erməni ve 1.000.000 rumu qətl etdilər. 2000 illik tarix boyunca Anadoluda xristianlar ilk dəfə yox edildilər”. Elə həmin il yayımlanan digər bir kitabda - "Lozanna Müqaviləsi: ABŞ təsdiq edəcəkmi?" (The Lausanne Treaty: Should The United States Ratify It?) isə razılaşmanın əleyhidarları olan diplomat və siyasətçilərin fikirlərinə geniş yer veriməkdə idi. Müqaviləyə qarşı şiddətlə çıxanlardan biri ABŞ səfiri James W. Gerardin kitabda yer alan bu fikirlərinə diqqət edək: "Böyük müharibədə 200.000 erməni Türkiyəyə qarşı müttəfiqlərin yanında savaşa qatıldı. Prezident Wilson Anadolunun şərqində müstəqil Ermənistan qurmaq sözü verdi. Sevrdə bu yazılıb. Lozan müqaviləsi isə Amerikanın ermənilərə verdiyi sözü yerinə yetirmir" (s.5-6). Və nəhayət, 1927-ci ildə senat toplantısında müqavilənin ratifikasiyası ilə bağlı keçirilən müzakirədə William H. Kingin çıxışından bir hissəni təqdim etməklə araşdırmamızı yekunlaşdırmaq istərdik: "Kamalistlər 1919-cu ildə gücləndikdən sonra Merzifonda, Pontda, Kilikyada, İskəndərunda, İzmirdə və Mosulda toplu qətliamlar gerçəkləşdirdilər (...). 2.000.000-dan çox xristianı (burada ermənilər və rumlar nəzərdə tutulur) evlərindən vəhşicəsinə çıxardılar, soydular, öldürdülər (...). ABŞ prezidenti Hardling Ermənistanın haqlarını qorumaq sözü vermişdi. Biz, ermənilərə xəyanət etdik. (...). Kamal Paşa, indi sürgün olunan 1.000.000 erməniyə prezident Wilsonun tanıdığı haqları vermədikcə, ABŞ-dan maddi-mənəvi yardım görməyəcək!" (Congressional Record, s.1572, 1573.)”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz