Axtarış...

"Soyqırım qərarı 907-ci düzəliş kimi ƏDALƏTSİZDİR" - ABŞ necə həmsədr ola bilər?

"Soyqırım qərarı 907-ci düzəliş kimi ƏDALƏTSİZDİR" - ABŞ necə həmsədr ola bilər?

Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək.

Millət vəkili Qənirə Paşayeva Redaktor.az-a açıqlamasında ABŞ Nümayəndələr Palatasında erməni “soyqırımı”nın tanınmasına münasibət bildirib.

Millət vəkili hesab edir ki, bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur:

“ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu. Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəsizliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi. ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, aldığı 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək, qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir. Türkiyə dövləti isə artıq rəsmən bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər, Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək”.

Q. Paşayeva vurğulayıb ki, Nümayəndələr Palatası bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə saldı:

“Onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Bu qərardan sonra insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarı, bir daha ikili standartlardan xəbər verir. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub, harada yaşamağımızdan asılı olmayaraq, Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı, qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi daha da gücləndirməliyik”.

Millət vəkili Sahib Alıyev də məsələyə münasibət bildirib.

S. Alıyev bildirib ki, ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə 1984-cü ildəkinin təkrarıdır:

“O zaman ABŞ senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni heç bir təsir qüvvəsi olmayan sənədlər içində itib-batdı. Amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. Yəni indi bu qətnamənin qanuna çevirilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun senatdan keçməsi mümkün görünür. Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım “Azadlığa dəstək” aktına edilən 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altında qoyur”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb. Demokratların hakim olduğu Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub. Bu qərarda 1915-1923-cü illər ərzində baş verən hadisələrin “soyqırım” kimi qəbul edilməsi və belə anılması istənilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz