Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.
Bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:
“Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.
Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.
Qeyd olunub ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir “erməni soyqırımı”nın olmadığını təsdiq edir.