Axtarış...

Vaşinqtonda Bakıya qarşı erməni və “müxalifət” kartı - TƏHLİL

Vaşinqtonda Bakıya qarşı erməni və “müxalifət” kartı - TƏHLİL
Ənənəvi olaraq hər dəfə ABŞ və Türkiyə, yaxud da Azərbaycan arasında münasibətlərin soyuması erməni lobbisinin fəallaşması ilə müşahidə olunur. Bu artıq bir mənada siyasi ənənəyə çevrilib. Yola saldığımız həftə ABŞ Konqresi qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etdi. Bu qətnamənin qəbulu Ankara-Vaşinqton münasibətlərində gərginliyin nəticəsi idi. Vaşinqton ənənəvi kartları Türkiyəyə qarşı istifadə etdi.

Lakin bu qətnamə ilə paralel olaraq ABŞ Konqresində Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” tədbir keçirdi. Aydın məsələdir ki, erməni lobbisi məhz Türkiyə ilə münasibətlərin soyumasından fürsət olaraq istifadə etməyə çalışıb. Erməni lobbisinin hər zaman bu cür fürsətlərdən istifadə etməsi müşahidə olunub və bu mənada burda qeyri-adi bir şey yox idi. Düşmən hər zaman zəif nöqtədən vurmağa çalışır.

Ancaq təəssüf ki, Vaşinqtonda dəyişən ab-havanın fonunda Azərbaycana qarşı eyni zamanda radikal müxalifətdən istifadə olunub. Oktyabrın 31-də, yəni işğal edilmiş torpaqlarımızda yaradılmış qondarma qurum nümayəndələrinin keçirdiyi tədbirdən bir gün sonra Azərbaycan müxalifətini təmsil edən bir neçə nəfər də tədbir keçirib.
Bu tədbirin mövzusu, oradakı çıxışlar və eləcə də tədbirə qatılan türkiyəli diplomatın reaksiyası (türk diplomat Vaşinqtonda həm də siyasi-psixoloji atmosferi daha aydın gördüyü üçün – red.) onu göstərir ki, bu tədbirlərin vaxtı təsadüfi seçilməyib. Bu tədbirlər Azərbaycan və Türkiyənin Vaşinqtondakı maraqlarına zərbə vurmağa hesablanıb. Bu səbəbdən də türkiyəli diplomat tədbirə gələrək məhz azərbaycanlı iştirakçılara etiraz edib.

Yeri gəlmişkən, qondarma qurum nümayəndəsinin sonuncu dəfə də Konqresin iş binalarının birində çıxış etdiyi gün (2018-ci ilin 13 martı) radikal müxalifətin nümayəndələri Azərbaycan səfirliyi binasının qarşısında “maskalı” etiraz aksiyası keçirmişdi.

Bu isə həm də onu göstərir ki, Vaşinqtonda bu tədbirlərin təşkili ən azı eyni mərkəzdən idarə olunur və ya bir mərkəzin maraqlarına xidmət edir. Məlumdur ki, müəyyən dairələr Azərbaycan-ABŞ münasibətlərində ən həssas iki məsələdə ölkəmizə qarşı neqativ mesajlar verməklə bu iki dövlət arasındakı əlaqələrə zərbə vurmağa çalışır.

Əlbəttə, azərbaycanlı müxalifətçilərin hökumət əleyhinə Vaşinqtonda tədbir keçirməsi ilk hadisə deyil, nə də bu tədbirdən hansısa uzaqgedən nəticə çıxarmaq doğru olmaz. Vaşintonda dünyanın bir çox ölkələri ilə bağlı tədbirlər təşkil olunur. Azərbaycanla bağlı da daha əvvəl çoxlu sayda tədbirlər keçirilib.

Amma Azərbaycanda insan haqlarına etiraz məqsədi ilə Vaşinqtonda tədbir keçirən müxalifət təmsilçiləri eyni zamanda bir gün əvvəl ABŞ qanunverici orqanı binasında təşkil olunan tədbirə və bu tədbirdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın iştirakına etiraz etməli idi. Ən azından o tədbirdə bu faktı amerikalı hüquq müdafiə təşkilatlarına etiraz etməli, bu cür tədbirlərin onları da narahat etdiklərini diqqətə çatdırmalı idi. Lakin görünür ki, tədbirin təşkilatçıları bu mövzuda o qədər də maraqlı olmayıb. Bu səbəbdən də azərbaycanlı müxalifətçilər erməni məsələsinə toxuna bilməyib. Yoxsa onlar da yaxşı anlayır ki, Azərbaycanda sosial-siyasi şəraitin necəliyindən asılı olmayaraq Qarabağ məsələsi hər zaman ölkə vətəndaşlarının bir nömrəli məsələsi olub.

Ən pisi budur ki, baş verənlər, yəni Azərbaycan müxalifətinin ABŞ-da tədbir keçirməsi bir onların öz iradəsinin nəticəsi deyil. Vaşinqtondakı hansısa dairələrin iradəsi ilə baş verir. Hansı ki, onlar adətən Bakıya təzyiq etmək, Azərbaycan-ABŞ münasibətlərini daha da gərginləşdirmək istəyəndə azərbaycanlı müxalifləri “xatırlayır” və onların xidmətindən istifadə edir. Eyni ilə erməniləri də böyük mənada Vaşinqtonda bu şəkildə Türkiyə və Azərbaycana qarşı istifadə edən siyasi dairələr var. Hətta son olaraq Konqresin “erməni soyqırımı” ilə bağlı qətnaməsinin erməni kartından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini indi artıq bəzi erməni diaspor təmsilçiləri də anlayır və etiraf edir.

Məsələ ondadır ki, Azərbaycana qarşı da zaman-zaman bu taktikadan istifadə olunur. Vaşinqtonda kimlərsə Bakıya təzyiqi artırmaq istəyəndə yerli müxalifətçilər və erməni məsələsi yada düşür. Və bir qayda olaraq rəsmi Bakı Vaşinqtonla aranı düzəltdikdən sonra bu cür tədbir və konfranslar da yada düşmür.

Trend-in siyasət şöbəsi
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz