"Türkiyədə və ABŞ-da keçirilmiş son prezident seçkiləri bu ölkələrdə demokratiyanın vəziyyəti haqqında təsəvvür yaradır".
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ rəsmilərinin Türkiyə lirəsinin dəyər itirməsini "demokratiya problemi" ilə əlaqələndirmələrinə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli hesab edir ki, Ağ Ev nümayəndələrinin Türkiyədə demokratiya sahəsində problem olduğunu iddia etmələri blefdən başqa bir şey deyil:
"Amerika rəsmilərinin Türkiyəni demokratik dəyərlərdən uzaqlaşmaqda ittiham etmələri ən yumşaq formada desək, absurd yanaşmadır. Türkiyə özünün demokratiya ənənələrinə sadiqdir və qardaş ölkənin mövcud vəziyyəti bu fikirləri tamamilə təsdiqləyir.
İstənilən ölkədə demokratiyanın səviyyəsi orada keçirilən seçkilərlə əlaqələndirilir. Gəlin, ABŞ-da Donald Trampın qələbəsi ilə nəticələnən 2016-cı il seçkilərini və Türkiyədə Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə nəticələnmiş 2018-ci il iyun seçkilərinə nəzər salaq.
Amerikada keçirilmiş seçkilər ətrafında mübahisələr hələ də davam etməkdədir. Hətta üçüncü bir ölkənin Amerika seçkilərinə müdaxiləsinə dair iddia üzrə məhkəmə prosesi keçirilir. Yəni Trampın elan olunmuş "qələbə"sinə yönəlik şübhələr iki ildir ki, ortadan qalxmır.
Türkiyədə isə ən radikal müxalifət təmsilçiləri də seçkilərin nəticələrini qəbul edirlər. Bu müqayisə Türkiyədə deyil, məhz Amerikada demokratiya sahəsində problem olduğunu göstərir.
ABŞ rəsmilərinin Türkiyə lirəsini demokratiya problemi ilə əlaqələndirmələri isə riyakarlıqdır. Hər kəsə məlumdur ki, ABŞ özünün əsassız ambisiyaları səbəbindən ən yaxın müttəfiqlərindən biri olan Türkiyəyə qarşı iqtisadi müharibə aparır. Lirənin dollara nisbətdə dəyər itirməsinin arxasında da bu məqam dayanır.
Ancaq şübhə yoxdur ki, ABŞ-ın indiki rəhbərliyinin Türkiyəyə qarşı apardığı bu siyasət iflasa uğrayacaq. Əminliklə deyirəm ki, ABŞ-ın növbəti prezidenti Trampın bu əməllərinə görə Türkiyədən üzr istəyəcək".
Qeyd edək ki, Ağ Evin iqtisadi müşaviri Kevin Hasset MSNBC telekanalına müsahibəsində Türkiyənin mövcud maliyyə-iqtisadi durumuna da toxunub və lirənin ucuzlaşmasını ölkənin "liberal demokratiya dəyərlərindən uzaqlaşması" ilə bağlı olduğunu iddia edib.