İşdən çıxarılan fəhlə və süpürgəçilər rayon rəhbərliyindən narazıdır
Göyçay Rayon Sanitar-Təmizlik İdarəsində çalışan 49 fəhlə və süpürgəçinin bu ilin avqustunda etiraz edərək işdən çıxdıqları deyilir.
Onlar bunu digər kommunal təsərrüfat birliklərində pulsuz işlədildikləri üçün etdiklərini bildirirlər.
“Göyçay Rayon İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsərrüfat birliklərində işə götürülən işçilərin əksəriyyətinin maaş kartları icra başçısının əlaltılarının cibindədir”, - Şahzadə Əliyeva Meydan TV əməkdaşı ilə söhbətində belə iddia edir:
“Mən 2018-ci ildə Göyçay Rayon Sanitar-Təmizlik İdarəsində süpürgəçi işinə düzəlmişəm. Əvvəllər maaşım 160 manat idi. Sonradan artıb 180 manat olmuşdu. Mən əsasən, gecələr, 2-3 radələrində işə çıxırdım. Gündüz şəhərdə maşınlar və əhali hərəkət etdiyi üçün idarənin keçmiş rəisi tərəfindən belə göstəriş verilmişdi ki, gecələr işləyək. Rauf İsayev küçəsini tam, Atatürk və Füzuli küçələrinin isə bir hissəsini süpürürdüm.
Öz işimiz azmış kimi Göyçay Abadlaşdırma və Təmir İdarəsinin işçilərinin işini də biz görməli olurduq. Çünki işçi əməyi az idi. Həmin idarənin işçiləri tərəfindən kəsilib, atılmış ağacları, binalarda aparılan təmir işlərindən sonrakı qalıqları bizim sürücü və fəhlələrimiz daşıyırdı. İdarəmizin rəisinə işimizin çox və ağır olması ilə bağlı dəfələrlə etirazımızı bildirmişdik. Hətta keçirilən iclaslarda da birbaşa icra başçısının özünə etiraz etmişdik ki, niyə başqalarının yerinə biz işləməliyik? Başçı bizi işdən çıxarmaqla, yaxud idarələri birləşdirib, bizi ixtisara salacağı ilə hədələyirdi. Bizimlə çox kobud formada danışır, hətta təhqir edirdi. Ağzımızı açıb, nəyəsə etiraz edəndə də, dediyim kimi başlayırdı hədələməyə.
Elə bir zəmanədir ki, hamı bir qarın çörəyini qazanmaq istəyir. Amma bu, o demək deyil ki, 180 manata görə mən başqalarının da işini görməliyəm. Axırda bıçaq sümüyə dirəndi, bu ilin iyulunda iclasda icra başçısı ilə işçilər arasında söz-söhbət yarandı, idarəmizin rəisi işdən çıxarıldı. Sonradan biz, idarənin 49 nəfər işçisi ərizə yazıb işdən çıxdıq, çünki bilirdik ki, bundan sonra bizi orada saxlamayacaqlar”.
Şahzadə Əliyeva
Mənbə: Foto: Meydan tv
Göyçay Rayon Sanitar-Təmizlik İdarəsində fəhlə işləmiş Ağamirzə Ağaməmmədov vaxtlı-vaxtında işə getdiyini, verilən tapşırıqları yerinə yetirdiyini söyləyir:
“Əməkhaqqım 219 manat idi, həmin pula gecə səhərə kimi işləyirdim. Öz işimdə heç bir nöqsana yol verməmişəm. Biz orada işləyəndə hər iki qurumun - Abadlaşdırma və Təmir İdarəsi və Mənzil İstismar İdarəsinin işçilərinin çoxu işə çıxmırdı. Əmək kartları icra başçısının baş mühasibi Kamran Kərimovda və idarə müdirlərində idi. Onların işçi qüvvəsi az olduğu üçün işlərini biz görürdük. Dəfələrlə bununla əlaqədar etirazımızı bildirmişdik, amma nəticəsi olmayıb. Belə olmaz axı, bir idarəyə yüzdən çox işçi yeri ayrılır, amma işə 15-20 adam çıxır. Bizi iki-üç idarənin yerinə işlədirdinizsə, heç olmasa, maaşımızı artıraydınız”.
“Biz işdən çıxdıqdan sonra son əməkhaqqımızı vermədilər. Bir aylıq maaşımızı mənimsədilər”, - Sanitar-Təmizlik İdarəsində süpürgəçi işləmiş Gülçöhrə Süleymanova belə deyir:
“Öyrənmişəm ki, işdən çıxan adamların yerinə başqalarının adını yazıblar, əməkhaqqını da özləri alırlar. İdarənin yeni müdiri Fuad Bəşirov onlarla adamın maaş kartına oturan pulu, hər ay İnzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovla aralarında bölürlər. Niyə işə gəlməyən adamların maaşını bəzi məmurlar yeməlidir? Dəfələrlə şikayət etmişik, amma bu haqsızlığı, özbaşınalığı görən yoxdur. Elə bil ki, hamı icra başçısından qorxur. Gəlib, yaşayışımıza baxsınlar, görsünlər ki, rayonda məmurlar at oynadırlar. Bir idarənin işçisi olduğum halda, niyə əlavə iki idarənin işini görməliyəm? Pulunu da yuxarda oturanlar yeməlidir?
Bu yaxınlarda yoxlama gəlmişdi. İşçiləri evlərindən çağırıb ora yığırdılar ki, idarəyə yoxlama gəlib. Yoxlama görmür ki, onları evdən çağırıb gətirirlər, özü də toy paltarında? Orada adı gedənlər, yanacaqdoldurma müdiri, mağaza sahibi, Bakıya sərnişin daşıyan sürücülər, çayxana işlədənlər, musiqiçilərdir. Yaxşıdır vallah, evində oturub, stajı gedir. Yoxlama aparanlar bizimlə də görüşüb, söhbət etdilər, şikayətlərimizə qulaq asdılar. Amma nəticəsi nə oldu? Heç nə”.
Göyçay Rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev Meydan TV-yə “Bizim idarənin 145 nəfər işçisi var, hamısı da işə çıxır. Bu yaxınlarda şikayət olmuşdu, “DOST” İş Mərkəzindən gəlib, araşdırdılar, gördülər ki, işçilər hamısı yerindədir, hamısı da sahəyə çıxır”, - deyib.
Göyçay Abadlaşdırma və Təmir İdarəsinin rəisi Şöhrət Cəfərov Meydan TV əməkdaşı ilə söhbətində adamların işlə təmin olunması prosesinin “DOST” İş Mərkəzi tərəfindən aparıldığını söyləyib:
“İşə götürülmə prosesində bizim hər hansı bir müdaxiləmizdən söhbət gedə bilməz. Həmin adamlara gəlincə, onlar işləmədikləri üçün işdən çıxarılıblar. İndi də bilmirlər ki, nə etsinlər. Biz işçilərin işə davamiyyətinin tabellərini tuturuq, veririk “DOST” İş Mərkəzinə, onlar da maaşlarını hesablayırlar. Noyabr-dekabr aylarında isə işçilər yarı-yarı məzuniyyətə buraxılır. “DOST” İş Mərkəzi tərəfindən 280 nəfər işçi verilib. Onlardan 130-150 nəfər məzuniyyətə buraxılıb”.
Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin rəisi Fuad Bəşirov Meydan TV vasitəsilə iddiaya münasibətini bildirib:
“Mənim idarəmə “DOST” İş Mərkəzi tərəfindən 70 vakant iş yeri verilib. Onlardan 66-sı hazırda işləyir. İşçilərin hamısı vaxtlı-vaxtında çıxıb işini görür, buna görə də əməkhaqqı alır. Tabel bizdə tutulur, Göyçay Rayon Məşğulluq İdarəsinə göndərilir. Oradan da “DOST” İş Mərkəzinə yönləndirilir və əməkhaqqı verilir. İşçilərimin davamiyyəti Göyçay Rayon İcra Hakimiyyəti, Məşğulluq Mərkəzi, İnzibati ərazi dairələri üzrə nümayəndəliyi tərəfindən mütəmadi olaraq yoxlanılır. Hər kəs öz ərazisini süpürür, hamının da əmək kartı özündədir.
Səsləndirilən ittihamlara gəlincə, bizim idarənin köhnə müdiri Loğman Əliyev işdən çıxarılandan sonra adı olub, özü işdə olmayan 69 nəfər üzə çıxdı. Onlardan cəmi 21 nəfər işləyirdi. Əlimizdə aktlar var, onların heç biri işdə olmadığı üçün 49 nəfər işdən çıxarılıb”.
Ağamirzə Ağaməmmədov
Mənbə: Foto: Meydan tv
Göyçay Rayon İcra Hakimiyyətinin İnzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı yoxlama işləri aparılıb:
“Bir müddət öncə şikayət olunmuşdu. “DOST” İş Mərkəzinin nümayəndələri gəlib, yoxlama keçirdi. İşçilərin sistemdə şəkli, haqlarında məlumatlar çıxdı. Bu formada yoxlanılıb və nazirə məruzə olundu. Həmin ittihamlar qərəzlidir və heç bir əsası yoxdur.
Sanitar-Təmizlik idarəsinin keçmiş müdiri Loğman Əliyev işlədiyi müddətdə çoxsaylı şikayətlər əsasında vəzifəsindən kənarlaşdırıldıqdan sonra aparılan daxili audit nəticəsində çoxsaylı nöqsanlar təsbit olundu. Bir qrup işçi sabiq müdir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra könüllü işdən çıxdı. Həmin adamlar təkrar işə qayıtmaq üçün belə edir”.
Göyçay Rayon İcra Hakimiyyətinin Baş mühasibi Kamran Kərimov Meydan TV vasitəsilə məsələyə aydınlıq gətirib:
“Bu ilin əvvəlində Göyçay Rayon İcra Hakimiyyətinə ümumilikdə 495 nəfər işçi yeri ayrılıb. İş istəyən Məşğulluq İdarəsinə gəlib, qeydiyyatdan keçir, əmək kitabçası, sağlamlıq haqqında arayışını təqdim edir. Məşğulluq İdarəsi müraciət edən adamın bilavasitə özü ilə ünsiyyətdə olduğu təqdirdə qeydiyyatını aparır. Daha sonra həmin sənədlər Bakıya göndərilir, təsdiq olunduqdan sonra adamlar işlə təmin olunur.
Biz imtiyazlı ailələri də bu işə cəlb etmişik. İşçilər məcbur deyil ki, səhər 9-da işə gəlsin, axşam saat 6-ya kimi işləsin. Səhər 9-dan, günorta saat 1-ə qədər işləyən var. Günortadan sonra da işləyən var. Bu iş insanların maddi vəziyyətini yaxşılaşdırmaq üçün yaradılıb.
İşə götürülən zaman icra hakimiyyətinin heç bir müdaxiləsi qətiyyən ola bilməz. İşçinin özü gəlir, qeydiyyatdan keçir. Bizə avqust ayında bu məsələ ilə bağlı şikayət daxil olmuşdu. “DOST” İş Mərkəzinin üç nümayəndəsi gəldi, bütün ərazilərdə qrafik əsasında üç gün ərzində yoxlama apardılar. Monitorinq nəticəsində 95 faiz nəticə göstərildi. Beş faiz isə fiziki məhdudiyyəti olanların payına düşdü. Yəni şikəst adamdır, kömək məqsədilə işlə təmin olunub. İşçilər hər hansı problemlərlə bağlı bizə yaxınlaşanda onlara köməklik göstərməyə çalışırıq.
Sanitar-Təmizlik İdarəsində işləyən 49 nəfərlə görüş keçirildi. Onlara bildirildi ki, işləmək istəyirsinizsə, problem yoxdur. Sizi işdən çıxaran yoxdur. Sizin müdiriniz etdiyi qanunsuzluqlara görə işdən azad olunub. Onlar da razılaşmayıb, ərizlərini yazıb, işdən azad olunublar.
Digər işçilər isə hazırda idarədə işləyirlər. Onlar deyirlər ki, biz işləyib, çörəyimizi qazanırıq. Olmasın Loğman Əliyev, olsun Fuad Bəşirov. Bizim üçün önəmli olan işimizdir.
Həmin 49 nəfər isə öz ərizələri ilə “DOST” İş Mərkəzi tərəfindən işdən çıxarılıb. Onlardan təxminən 10-13 nəfəri sabiq müdirin qohumları idi. Adamlar ərizələrini yazıb, işdən çıxdılar. Heç kimə təzyiq göstərilməyib, məcbur işdən uzaqlaşdırılmayıb. İdarələrə ciddi nəzarət var, müdaxilə ola bilməz. Kartın alıb saxlamaq kimi söhbət ola bilməz. Bizim özümüzə də maraqlıdır ki, niyə həmin 49 nəfər Fuad Bəşirovla işləmək istəməyib. İndi iş tapmaq çətindir, heç kim işini itirmək istəməz. Görünür, həmin adamlar əvvəllər də işləməyiblər. Çünki biz onlardan işə çıxmağı tələb edən kimi ərizələrini yazıb çıxdılar. İcra başçısının idarələri birləşdirməsi söhbəti boşdur, yalandır”.
2018-ci ilnin avqustunda prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda belə bir agentliyin yaradılması üçün məqsədin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması göstərilir. Bundan başqa, agentlik innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına görə yaradılıb.
2019-cu il yanvarın 20-də prezident İlham Əliyevin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinə ümumilikdə 495 nəfər işçi yeri ayrılıb. Göyçay Rayon Mənzil İstismar idarəsinə 145, Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinə 70, Göyçay Abadlaşdırma və Təmir İdarəsinə 280 nəfər işçi verilib.
Meydan TV