Göyçay Kərpic zavodunun rəhbərliyi, Göyçay rayon icra başçısı Mehdi Səlimzadə və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə əlbir olaraq kəndin ərazisindən qanunsuz torpaq daşıdığı iddia olunur.
Qarabaqqal kənd sakinləri tərəfindən Yenicag.az-a daxil olan şikayətə əsasən, kəndin torpaqları qanunsuz olaraq daşınır, bununla da dövlətə, təbiətə və kəndə küllü miqdarda ziyan vurulur.
Qarabaqqal və Hacalıkənd kəndləri eyni icra nümayəndəliyi altında birləşdiyi üçün bələdiyyələri də eynidir. Bir gündə dağlıq kənd ərazisindən 100 maşın torpaq daşınır. Şikayətçilərin dediyinə görə, hər gün daşınan torpağa görə bələdiyyəyə 3000 (üç min) manat pul ödənilməlidir. Lakin buna əməl olunmadığı söylənilir.
Qarabaqqal kənd sakini Şıxəliyev Eldarın sözlərinə görə, Göyçay Kərpic zavodu ilə Qarabaqqal bələdiyyəsi arasında buna görə müqavilə bağlanılıb:
“Müqaviləyə baxmayaraq, Qarabaqqal bələdiyyəsinə bir il ərzində cəmi 1000 manat pul ödənilir ki, bu açıq-aşkar saxtakarlıq, korrupsiya cinayətidir. Bu korrupsiya cinayətini Göyçay rayon icra başçısı Mehdi Səlimzadə və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Göyçay Kərpic zavodunun rəhbərliyi ilə əlbir olaraq törədir. Nəticədə dövlətə, təbiətə və kəndə küllü miqdarda ziyan dəyir”.
Kənd sakinləri bildirir ki, Nazirlər Kabinetinin məktubuna əsasən, Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə Göyçay Kərpic zavodunun rəhbərliyi arasında torpağın hər bir kubu üçün 1 manatdan müqavilə bağlanıb:
“Bir gün ərzində hər biri 28-30 kub olmaqla 100 maşın torpaq daşınır ki, buna görə Qarabaqqal bələdiyyəsinə bir gün üçün 3000 (üç min) manat pul ödənilməlidir. Göyçay Kərpic zavodu Qarabaqqal kəndindən bir il ərzində 120 gün torpaq daşıyır ki, bunu da 3000 manata vurduqda cəmi 360.000 (üz yüz altmış min) manat pul edir. Ancaq Göyçay Kərpic zavodunun rəhbərliyi, Göyçay rayon icra başçısı Mehdi Səlimzadə və Qarabaqqal kənd bələdiyyəsinin sədri Ramin Nəbiyev həmin işə görə bələdiyyəyə ildə cəmi 1000 manat pul ödəyir”.
Eldar Şıxəliyev bildirib ki, küllü miqdarda pulun böyük hissəsi icra başçısı Mehdi Səlimzadəyə çatır:
“Gəlin baxın, kəndin meşə zolağı məhv edilir. 5 hektar ərazidən torpaq daşınmasına görə müqavilə bağlanılsa da, düz 10-15 hektar ərazinin torpağı daşınır. Uzun ömürlü böyük küknar, nar, qaratikan, şam ağacları kəsilərək, məhv edilib. Mehdi Səlimzadənin maddi maraqlarına görə təbiətə küllü miqdarda ziyan dəyir”.
O da iddia olunur ki, Göyçay Kərpic zavodu Fətullah Gülənin yaxın silahdaşları olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur. Həmin ata və oğul hazırda Türkiyədə həbsdə olsalar da, kiçik oğlu Talğa burada – Azərbaycan Respublikasında gizlənərək Mehdi Səlimzadənin himayəsi ilə Göyçay Kərpic Zavodunu idarə edir.
Şikayətçinin verdiyi məlumata görə, Talğa Alim hazırda da burada qazandığı gəlirdən Fətullah Gülənin bank hesabına pullar köçürür:
“Talğa Alim burada gülənçilərlə tez-tez görüş keçirib, onları təlimatlandırır. Ona bu işlərdə Göyçay Kərpic zavodunun baş mühasibi(əslində isə zavodun bütün işlərini idarə edən) Qəbələ rayon sakini Ramin Ağayev köməklik edir”.
Sonda Eldar Şıxəliyev mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib. Müraciətdə işin obyektiv araşdırılması, təcili tədbirlər görülməsilə bağlı xahişini ifadə edib.
P.S. Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandıra bilərik. Yenicag.az