Ağdam rayon Quzanlı qəsəbəsində yaşayan rayonun Baş Qərvənd kəndindən məcburi köçkün İlhamiz İsmayılov rayon icra hakimiyyətindən şikayətçidir.
Onun “Yeni Müsavat”a bildirdiyinə görə, 3 ildir işlədiyi rayon mənzil kommunal təsərrüfat birliyindəki elektrik mantyoru vəzifəsindən azad edilib: “Bizlə hər 11 aydan bir yeni müqavilə imzalanırdı. Bu il köhnə müqavilənin müddəti bitib iki aydır, yenisini də imzalamırlar. Deyirlər, fondda pul yoxdur. Tək mən deyiləm, 100-ə yaxın işçini belə ediblər”.
İ.İsmayılovun dediyinə görə, işi Quzanlı qəsəbəsindəki yaşıllıqları suvaran nasoslara qulluq imiş: “Çox az sayda adam saxlayıblar, onlar də özlərinə yaxın olanları. Mənim övladımın biri Daun xəstəsidir, həyat yoldaşım isə gözdən əlildir. Beş nəfərlik ailə iki aydır iki əlilin müavinəti ilə dolanırıq”.
Maraqlıdır ki, İ.İsmayılov işdən azad olunan kimi Ağdam rayon Məşğulluq Mərkəzinə müraciət edib: “Dedim, heç olmasa işsiz qaldığım dövr üçün işsizlik müavinəti ala bilim. İki aydır müraciət etmişəm, onlardan da bir xəbər çıxmır. Nə iş təklif edirlər, nə də işsiz kimi qeydə alırlar”.
Şikayətçi bildirir ki, rayon icra hakimiyyəti başçısının məsələdən xəbəri var: “Mümkün deyil ki, bir rayonun idarəsindən 100-ə yaxın adamı işdən çıxaralar, icra başçısının xəbəri olmasın...”
Əvvəllər İ.İsmayılov Quzanlı qəsəbəsində evlərinin yaxınlığındakı 3-4 sotluq ərazidə əkin-biçinlə məşğul olub: “Az-çox əkib-biçir, ərzaqlarımızın bir hissəsini əldə edə bilirdik. İndi də deyirlər, orada qaçqınlar üçün yeni evlər tikiləcək, əkib-biçmək olmaz. Bəs mən ailəmi nə ilə dolandırım? Beş nəfər ailə üzvündən ikisinin əmək qabiliyyəti yoxdur, əlildir. Torpaq yox əkib becərməyə, iş yox. Mən bu əlilləri nə ilə yedizdirim axı? Niyə işçiləri ixtisar edərkən ailələrin vəziyyətini nəzərə almırlar? Dövlət başçısı, hörmətli Mehriban xanım işçilərin kütləvi şəkildə işdən çıxarılmamasını dəfələrlə tapşırıblar. Amma bu tapşırıqların Ağdam Rayon İcra Hakimiyyətinə aidiyyəti yoxdur, deyəsən...”
P.S. Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq, amma qurumun telefonlarına cavab verən olmadı.