Axtarış...

ŞOK: KARTLARI mənimsəmək üçün başqa yollar tapıldı - ƏTRAFLI



…Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır…”

Bu fikirləri Respublika Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul etdiyi zaman söyləyib. Qiymətli fikirlərdən də göründüyü kimi əhalinin az təminatlı hissəsinin sosial durumunun yaxşılaşdırılması istiqamətində dövlət başçısının yürütdüyü siyasət məmurların korporativ maraqları üzündən uğurla sonlanmır. Bu da təbii ki, haqlı narazılıqlar və narahatlıqlar yaradır. Ona görə də indiki halda bu məsələyə ictimai nəzarət gücləndirilməli, acgöz və xəyanətkar məmurlar ifşa olunmalıdır. Mən də bu sahədə üzərimə düşən məsuliyyəti dərk edərək qısa bir araşdırma apardım. Deməli, manatın məlum 2015-ci il devalvasiyalarından sonra Respublika Prezidenti aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün yeni bir layihənin icrasına göstəriş verdi.

Belə ki, 2016-cı ilin yanvarından başlayaraq bütün icra srtukturlarına göstəriş verildi ki, ən qısa zamanda yerlərdəki işsiz və aztəminatlı vətəndaşların sayının dəqiqləşdirlməsi aparılsın və onlar ən azı minimum əmək haqqı miqdarında sosial və ictimai işlər təklif edilsin. Çox təəssüf ki, çətin zamanda dövlətin vətəndaşa uzanan əli əksər icra başçıları tərəfindən büküldü.

Bir-sıra icra başçıları işsiz və kasıb vətəndaşları siyahıya almaqdansa, özlərinə yaxın, “etibarlı” adamların sənədlərini topladılar. Ən balaca rayonda 1000 nəfər “işsiz” müəyyən edildi. Bu adamların hər birinə ayda 130 manat əməkhaqqı təklif edildi (o zaman minimum əməkhaqqı bu qədər idi). Təsadüfdən bu siyahıya düşən adamlar sonradan icra başçısının göstərişi ilə kommunal təssərrüfat idarəsinin rəhbərləri tərəfindən süni şəkildə incidilib, bezdirildi. Nəhayətdə icra başçılarının siyahısı tam qüvvəyə mindi. Bir zaman rayonların birində kommunal təsərrüfat idarəsinin müdiri işləmiş dostum danışır ki, artıq fevral ayından siyahıya alınmış adamların maaş kartları icra başçılarının seyfində idi. Ortalama götürəndə rayonların ümumi əhalisinə görə hər icra başçısı 1000-3000 min maaş kartı əldə etmiş oldu.

İcra başçısı-məşğulluq mərkəzi-kommunal təsərrüfat idarəsi üçbucağının şərəfsiz əməlləri 2018-ci ilin təxminən sentyabrına qədər davam etdi.

Beləliklə, bir çox icra başçıları yetim-yesirin qanına girərək ayda ən azı 130 min dövlət vəsaitini mənimsəmiş oldu. İcra başçılarının bu bədnam əməlləri 2018-ci ildə işdən çıxarılan bir icra başçısının seyfindən 2500-dən artıq maaş kartının çıxması ilə üzə çıxdı. Bunu görən dövlət başçısı çıxış yolu kimi 2018-ci ilin dekabrın 10-da Nazirlik nəzdində DOST Agentliyinin yaradılması barədə fərman imzaladı.

Dostum deyir ki, artıq 2019-cu ilin yanvarından əvvəlki kartlar bütünlüklə ləgv edildi. Nazirliyin yerli məşğulluq mərkəzləri yenidən müraciətlər əsasında yeni siyahı tətbiq etdi.

Amma yenə də şəffaflıq təmin olunmadı, Prezidentin yeni qurum qarşısında qoyduğu vəzifələr bir kənara atıldı. Bunun konkret səbəbi var idi. Ona görə ki, bir çox icra başçıları yağlı tikənin əllərindən çıxması ilə barışmadı və yerli məşgulluq mərkəzləri ilə təzyiq və şirniklədirmə dili ilə danışmağa başladılar. Çünki məşğulluq mərkəzlərinin rəhbərlərinin təyinatını Nazirlik aparsa da, yerli icra başçılarının təqdimatı da təyinatda az əhəmiyyət kəsb eləmir.

Ona görə də məşğulluq mərkəzlərinin rəhbərləri obyektiv və subyektiv səbəblərdən kompromisə getmək məcburiyyətində qaldılar. Hələ onu demirik ki, məşğulluq mərkəzlərindəki insanlar da Azəbaycan gerçəkliyində yaşayır. Yəni pulun çox mətləblərin həll yolu olmasını onlar çox yaxşı bilirlər. Ola bilər ki, bizim bu fikirlərimizə hansısa ürəkli icra başçısı və yaxud ƏƏSMN məsul əməkdaşı etiraz edər. Onda həmin şəxsə bir xatırlatma edirəm. Bu günlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev DTX tərəfindən saxlanılanda onun otağından yenə həmin kartlar çıxdı. Və həbs olunanlar arasında rayon məşgulluq mərkəzinin direktoru da var. Nəhayət, etirazı olan məmurlar zəhmət olmasa, yazının birinci abzasını yenidən oxusun. //konkret.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz