Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri açıqlanıb.
Millitv.Az Trend-ə istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
2018-ci ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, Məcəllənin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 5 təşkilat üzrə 1443,1 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Baş prokuroruna göndərilib.
Aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad Rayon Yaşıllaşdırma Sahəsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
İlin ilk altı ayında, həmçinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 3 təşkilatda yoxlamalar (Saatlı Rayon İcra Hakimiyyətinin Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Rayon Kənd Təsərrüfatı İdarəsində və Neftçala Rayon Kənd Təsərrüfatı İdarəsində) yekunlaşdırılıb və onların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsində, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində, Təhsil Nazirliyinin Laçın Rayon Təhsil Şöbəsinin 37 saylı və Qarakeçdi kənd 2 saylı tam orta məktəblərində, Balakən Rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı körpələr evi-uşaq bağçasında, habelə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və onun Mərkəzi Hospitalında başlanılmış yoxlamalar isə hazırda davam etdirilir.