Şəmkir rayon icra hakimiyətinin başçısı Alimpaşa Məmmədovun durumu ağırdır. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib. Mənbə bildirir ki, əslində Alimpaşa Məmmədovun vəziyyəti əvvəlindən gərgin olub sadəcə olaraq...
Xatırladaq ki, keçən ilin sonlarına yaxın Ağstafa RİH rəhbəri Nizaməddin Quliyev və Yevlaxın sabiq başçısı Qoca Səmədov DTX tərəfindən korrupsiya faktlarına görə həbs olundular. Bunu xatırladan yerli mənbə iddia edir ki, anoloji əməliyyat Şəmkirdə keçən il baş versə də, müəmmalı şəkildə Alimpaşa Məmmədova toxunulmadı.
Mənbə dia.az-a bildirir: “O vaxtı 200 manatın üstündə Şəmkirin Təzəkənd bələdiyyəsinin sədrini tutdular. Təxminən 5 il əvvəl idi. Adam 200 manata görə günə gün 4 il türmə yatdı, canını güclə qurtardı. Amma bizim ”JEK"in rəisi o günlərdə tutdular, fəhlələrin maaşını mənimsəməsinin üstü açıldı, indi evində qəşəng oturub. Bu işdə Alimpaşa Məmmədovun iştirakı vardı deyə, ona toxunmadılar. Çünki başçı da əlli-ayaqlı gedəcəkdi..."
Məndənin sözlərinə görə, keçən ilin aprel ayının 2-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları Şəmkir Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi rəisi Teymur Hacıyevi tutub: “Onu düz 2 ay araşdırıblar, izləyiblər, məlum olub ki, adam ”JEK"in fəhlələrinin kartı ilə bankomatdan pullarını çıxarıb cibinə qoyur. Allah bunu götürməz, qardaş... Nəhayət, daha bir əməliyyat keçirilib, Teymur Hacıyevin üstündə 32 fəhlənin maaş kartı aşkarlanıb. Sən demə, maaşları mənimsəyirmiş".
Sakinlər danışırlar ki, T.Hacıyevi yaxalayandan sonra gecə ilə Bakıya apara bilməyiblər: “Məsələyə icra başçısı Alimpaşa Məmmədov qarışıb. İcra başçısı tələm-tələsik reaksiya verib, deyib ki, Teymur Hacıyev mənim işçimdir, prokurorluq əməkdaşlarından bir günlük möhlət istəyib. Teymur Hacıyev də bunun əvəzində Alimpaşa Məmmədovun adını çəkməyib”.
Sakinlər deyirlər ki, Şəmkirə 2018-ci ilin ortalarında 550 ştat ayrılıb, hər işçiyə 180 manat təyin olunub: “Məqsəd həm məşğulluğun artırılması idi, həm də onların şəhər təsərrüfatında iştirakı təmini idi. Amma zibilin dizə çıxmasının bir səbəbi də həmin 550 işçinin ”ölü can"a çevrilməsi ilə əlaqədardır. Həmin 550 işçinin hələ 32 nəfərinin maaş kartı “JEK” müdirinin cibindən çıxdı. Onda icra hakimiyyətindəki digər vəzifəlilərin də cibinə baxsınlar, görsünlər ki, kimin cibində neçə fəhlənin maaş kartı var. Həmin fəhlələri işə götürmək səlahiyyəti rəsmi, qeyri-rəsmi İcra Hakimiyyətində çalışan Qüdrət Əliyev, Rasim Mustafayevdədir. Onlardan soruşmaq lazımdır ki, hanı bu 550 işçi, niyə gəlib küçələri təmizləmirlər?"
Şəmkirlilər deyirlər ki, 550 işçi səhərdən Şəmkir şəhərini təmizləməyə başlasalar, axşama 50-60 maşın tullantı çıxararlar: “Soruşanda deyirlər ki, guya fəhlələri Çinarlı, Zəyəm, Dəllər, Kür qəsəbələrinə küçələri təmizləməyə göndəriblər. Bunlar şəhəri düzəltməyiblər, kəndlərin dərdini çəkirlər? Həmin qəsəbələrdə, kəndlərdə bir nəfər də fəhlə işləmir. Kəndlərdə təmizliyi camaat özü eləyir. Bunu bilməyən var ki?”
Yəqin ki, bu faktlar diqqətli oxucuların yadına məhz Yevlaxın sabiq icra başçısı Qoca Səmədova qarşı ittihamları saldı. Elə bizim də. Amma nə olsun ki... Qoca Səmədova olan münasibət Alimpaşa Məmmədovdan yan keçir...
DİA.AZ