Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkasının açılışı baş tutub.
Bizimyol.info xəbər verir ki, tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ombudsman Elmira Süleymanova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru İsa Həbibbəyli və başaqaları iştirak edib.
Əbülfəs Qarayev nitqində Azərbaycan xalqının tarixində kitabın önəmli yer tutduğunu vurğulayıb: "Ədiblərimizin yazdığı əsərlər əsrlərlə yaşayıb, onların üzərindən yeni əsər, filmlər yaranıb. Biz çalışmalıyıq ki, gənclərimizə kitabı sevdirək. Azərbaycanda onlarla nüfuzlu nəşriyyatlar fəaliyyət göstərir. Ölkəmiz bu il Moskvada keçirilən Kitab yarmarkasında Qran-pri qazanıb. Azərbaycan kitabı artıq 6-cı dəfə öz qapılarını xarici qonaqlara açıb. Bu sərgidə Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edir. Bu kitab sərgisi Nəsiminin 650 illiyinə həsr edilib. Azərbaycan mədəniyyəti durmadan inkişaf edir. Bu inkişafı fəxrlə gələcəkdə də davam etdirəcəyik''
Əli Əhmədov isə sərginin kitab təbliğində əzəmətli tədbir olduğunu deyib: ''Bu gün Azərbaycan böyük intelektual sərvəti olan cəmiyyətdir. İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Bu sərginin Azərbaycanda 6-cı dəfə keçirilməsi ölkəmizin kitaba verdiyi dəyərdir. Sonda hamınızı təbrik edirəm və övladlarınızda kitab sevgisini artırmaq üçün səylərinizi gücləndirməyə dəvət edirəm''.
Qeyd edək ki, baş tutan yarmarkada 3 gün boyunca 81 yerli və 22 ölkədən xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumların öz nəşrlərini sərgiləyərək satışını həyata keçirəcəyi gözlənilir. Sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatı və imza günləri və s. tədbirlər həyata keçirilməsi planlaşdırılıb.
Bizimyol.info