Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.
Tədbirdə çıxış edənlər - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.
Təqdimatın bədii hissəsində Elçin Quliyevin tələbələrinin ifasında yoqa və nəfəs hərəkətləri təqdim olunub.
Svami Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin təbliğatçısı və mənəvi ustadıdır. Azərbaycan dilində nəfis tərtibatda hazırlanan ilk sanballı nəşr olan “Yoqa və düşüncənin gücü” kitabı yoqa fəlsəfəsi və təcrübəsinin müxtəlif aspektlərini əks etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi, şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və tətbiqi kimi mövzularla tanış ola biləcəklər.
Yoqa adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır.