Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 mlrd. manata bərabər olub.
Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 12,2 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
“Cari ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,1%-i isə bazar və yarmarkalarda satılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb”, - deyə Komitənin məlumatında qeyd olunub.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb. İllik müqayisədə bu göstəricilər müvafiq olaraq 5,1% və 3,6% artıb.