Axtarış...

Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb.

Trend-in məlumatına görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində yumru düyünün, manna və qarabaşaq yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün, bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının, gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişindaşıma xidmətlərinin, MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ödənişli ali təhsil haqlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin, ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin kirayə haqlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz