Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan “Maşın” şounun 16-cı sürəti – “Xanımlar və Cənablar -2”də qazanılan avtomobilin taleyi hələ də müəyyənləşməyib.
Bunu “Yeni Sabah”a açıqlamasında “M Group Production”nın mətbuat katibi Könül Əlibəyli deyib. K. Əlibəyli deyib ki, müğənni Roza Zərgərlinin qazandığı və xeyriyyə məqsədilə istifadə olunması üçün geri qaytardığı maşın hələ də onlardadır:
“Roza Zərgərli maşını bizə əmanət etdi və dedi ki, onu sizə həvalə edirəm ki, “M group production” maşını hər hansı xeyriyyə üçün istifadə etsin. MGP hələ bu barədə qərar verməyib, düşünür. Yəqin ki, bu barədə yaxın vaxtlarda qərar veriləcək”.
K.Əlibəyli oktyabr ayında baş tutacaq yeni mövsümün iştirakçıları və şouda olacaq yeniliklər barədə də danışıb:
“Növbəti “Maşın”da olacaq şəxslərin bir qismi artıq seçilib. Hələ ki, tam siyahı yoxdur, amma iştirak edəcək şəxslərin 80 faizi dəqiqləşdirilib. Təbii ki, şouda yeniliklər olacaq, amma format eyni qalacaq. Biz stilistikanı dəyişirik, amma format hər zaman eynidir - maşını udan aparacaq”.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında “Maşın” şounun qalibi olan Roza Zərgərli Murad Dadaşovdan qaydaları pozmasını xahiş edərək və avtomobili götürmək istəmədiyini bildirmişdi. İfaçı onun xeyriyyə məqsədi üçün istifadə olunmasını xahiş etmişdi. M. Dadaşov isə “Maşın” şounun heyəti və hüquqşünası ilə məsləhətləşdikdən sonra avtomobilin onlarda qala biləcəyini qeyd etmişdi.