Xeyli səylərdən, çalışmalardan sonra Masallı Mərkəzi Xəstəxanasına yaxın mənbələrdən öyrənə bildik ki, 230 minlik əhalisi olan bir rayonda hər gün yalnız 1 işlək Təcili Yardım maşınından istifadə olunur. Misal üçün, əgər səhər 9-da Xırmandalı kəndindən bir çağırış gəlirsə, eləcə də son günlərə qədər MRMX-nin funksiyalarını yerinə yetirən Boradigah Xəstəxanasından yeganə Təcili Yardım maşını ora gedirsə və həmin vaxt bu kəndən təxminən 35 kilometr aralıda yerləşən Tüklə kəndindən yeni çağırış gəlirsə, bu maşın o kəndə necə qayıdacaq?
Necə deyərlər, MRMX-nin maşın parkını “eşələməyə” başladıq. Məlum oldu ki, buradakı rəhbər şəxslərin və digər həkimlərin 100-ə yaxın son model maşını olsa da, xətəxananın maşın “parkında” cəmi 13 maşın var ki, onun da ən azından 70 faizi bərbad gündədir.
Konkret rəqəmlərə nəzər salaq:
Cəmi maşınlıarın sayı -13
Onlarda 4-ü xidmət, 9-u təcili yardım maşınıdır.
4 xidmət maşınından 1-i tam yararsız (1985-də alınıb), 1-i UAZ, 2-si NİVA olmaqla guya işlək maşınlardır.
9 təcili yardım maşınının isə 1-i tam yararsız (1986-cı il istehsalı. silinməlidir), 1- i təmirə aparılıb .
Siyahıda olan 8 maşının 4-ü Mersedess, 4-ü Qazel (onlardan biri 25 il öncə cəhbə bölgəsinə aparılıb, sonra qaytarılmayıb).
Masallıya sonuncu Təcili Yardım maşını isə 2016-cı ildə verilib.
Boradigah qəsəbə və Viləş (keçmiş Kalinovka) xəstəxanalarının Təcili Yardım Maşını yoxdur.
Hazırda Mərkəzi Xəstəxana koronavirus tədbirlər çərçivəsində xidmətini dəyişdiyindən Təcili Yardım Xidmət Ərkivan Qəsəbə həkim Məntəqəsində yerləşir.
Regional Təcili Yardım Xidmətinin Masallıda olan Təcili Yardım maşınından isə əsasən avtomobil qəzaları zamanı istifadə olunur.
Qısası, hər gün 230 min əhalisi olan bir rayonda xidmətdə bir təcili yardım qrupu və bir təcili yardım maşını olur.
Sürücülər növbə ilə işləyir (səhər 9-dan axşam 9-ə qədər, ya da əksinə).
Masallı Mərkəzi Xəstəxanası 250, Boradigah və Viləş xəstəxanalarının hər biri 15 yerlik olsa da, hazırda ancaq 15 yerlik Boradigah xəstəxanası yerli xəstələri qəbul edir.
Əhali mövcud vəziyyətlə bağlı operativ məlumatlandırılmır. Hazırda Boradigah xəstəxanası bağlı olduğundan ehtiyacı olanlar doğuş üçün Lənkərana, digər müayinələr üçünsə özəl xəstəxanalara üz tuturlar. Bu məlumatı isə rəsmi qurumların heç biri yaymayıb ki, ehtiyacı olan xəstə hara getsin.
Təcili Yardım Maşınları ilə bağlı qəribə söhbətlər dolaşır. Həmin söhbətlərə inansaq, təcili yardım maşınlarının hər birinin təmiri üçün təkcə bu il 3 min manat pul silinib.
Səhiyyə şöbəsi isə deyilənləri inkar edir.
Hazırda Masallı Mərkəzi Xəstəxanasının direktoru Cəlil Nəzərov Türkiyədə müalicədə olduğu, onun müavini Asif Əliyev isə uzun müddətdir ki, xəstəliyinə görə işə çıxmadığı üçün rəhbərliklə əlaqə qura bilmədik.
Görünən isə odur ki, bu gün sizə cərrahiyyə, doğuş və digər vacib xidmətlər üçün Təcili Yardım maşını lazım olarsa, şəxsi nəqliyyata üstünlük verin - təcili yardımdan təcili yardım gözləməyən. Lap maşın olsa belə, onlarrın cəmi 1 təcili yardım briqadası var.
Yazıya söz ardı
Adətən elə yazıları xoş sonluqla bitirməyə çalışsam da, bu dəfə əksini etməyə məcburam. Bu ilin aprel ayında Masallı rayonunun Həsənlili kəndində, 40 yaşlı sürücünun idarə etdiyi su maşını yük maşını ilə toqquşur. Nəticədə sürücü və su maşını yanmağa başlayır. Hadisə yerinə yollanan Təcili Yardım və Yanğın Söndürən maşınların hər ikisi nazasızlıq ucbatında yolda xarab olub dayanır. Bir neçə uşaq atası yardımsızlıqdan bağıra-bağıra yolun ortasında yanıb gül olur.
Hələ Təcili Yardımın gəlməməsi ucbatından şəxsi avtomobillərədə, yollarda dünyaya uşaq gətirən hamilə qadınlardan danışmıram.
Döğrudanmı, dövlətimiz, rayonumuz bu qədər kasıbdır? Tənqid edəndə də bəzi hörmətli rəhbərlər inciyib deyir ki, belə vaxtda biz kimi “pis adamlar” nöqsan axtaarır, uğurlarımızı görmək istəmir.
Yuxarıda qeyd etdiyim kimi, onlar səhiyyə işçinin 5-10 təcili yardım maşın dəyərində “HÜNDÜR DABAN” xarici maşını var. Daha digər “kasıbçılıqlarından” danışmıram.
Yaxud, Yeni İl ərəfəsi rayona gətirilən, dəyəri 45-50 min manat olan işıqlı Ceyran, Maral, Keçi, At heykəlləri.
Bizə bunlar çox lazımdır, ya Təcili Yardım maşınları?
Bəlkə, xeyriyyə aksiyası keçirib, 1-2 belə maşın alaq?
Zahir Əmənov / Cenub.az