Axtarış...

Radikal gürcü siyasəti yenə meydanda: Azərbaycanla yanaşı Türkiyə də hədəfdə - GƏLİŞMƏ

Radikal gürcü siyasəti yenə meydanda: Azərbaycanla yanaşı Türkiyə də hədəfdə - GƏLİŞMƏ

Gürcüstan parlamentinin deputatı, Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili Azərbaycanın ünvanına növbəti təhqiramiz bəyanat səsləndirib.

Hətta Şalva Natelaşvili bu dəfə Azərbaycanla yanaşı, Türkiyəni hədəfə alıb. Şovinist açıqlamaları ilə tanınan Ş.Natelaşvili Gürcüsanı Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı dayandırmağa çağırıb. Natelaşvili bildirib ki, Keşikçidağ ətrafında baş verən hadisələrə görə Gütcüstan Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirakdan imtina etməlidir. Leyboristlər Partiyasının rəhbəri qeyd edib ki, gürcü hərbçilərin həmin təlimlərdə iştirakı Gürcüstanın təhqir olunması deməkdir.

Natelaşvili iddia edib ki, guya rəsmi Bakı bir neçə həftə əvvəl Keşikçidağa ordu yeridərək, geniş avtoban çəkməklə qədim gürcü mədəniyyət abidəsi-xristianlığın rəmzi olan Bertubani və Pasxa monastrlarını onların əlindən alıb: “İkinci Yerusəlim həmin dövlətin yurisdiksiyası altına düşüb. Bizim silahlı qüvvələrimizin bu təlimlərdə iştirakı ölkəmizin, tariximizin, insanlarımızın, əsgərlərimizin və zabitlərimizin alçaldılmasıdır”.

Natelaşvili Müdafiə Nazirliyini hərbçiləri planlaşdırılmış təlimlərə göndərməməyə çağırıb: “Mən hökuməti, Müdafiə Nazirliyini əsgər və zabitləri Bakıya göndərməməyə və torpaqlarımızı, ərazilərimizi, ziyarətgahlarımızı əlimizdən alan bir ölkə ilə strateji əməkdaşlıq etməməyə çağırıram”.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə “Əbədilik-2019” şərti adı altında komanda- qərargah təlimləri başlayıb. Təlimlərə kompüter dəstəyi verilir.

Nəzəri və praktik hissələrdən ibarət olan təlimlər həm Azərbaycan Silahlı Qüvvələrinin Döyüş Oyunları Mərkəzində, həm də sınaq meydanında keçiriləcək. Üç ölkənin hərbi hissələrinin və müvafiq dövlət strukturlarının nümayəndələri regional iqtisadi layihələrin müdafiəsi vəzifələrini yerinə yetirəcək.

Üçtərəfli təlimlərin sentyabrın 6-a qədər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Şalva Natelaşvili bundan öncə də belə sərsəm bəyanatlar verib. İyul ayında keçirdiyi brifinqdə Natelaşvili Azərbaycanı və Gürcüstan hökumətini də hədələməkdən çəkinməmişdi. “Azərbaycan tərəfi Şah Abbas sayağı kürəyimizə bıçaq sancdı və Putinin tapşırığı ilə David Qareci məbədinin işğalını davam edir”, - deyən gürcü deputat hakimiyyətə müraciətlə Azərbaycanla delimitasya ilə bağlı hər hansı müqaviləyə razılıq verməkdən çəkinməyi təklif etmişdi: “Biz İvanişvili rejiminə xəbərdarlıq edirik, bizim xristian aləminin böyük müqəddəs məkanı onun biznes maraqlarının qurbanı olur. Biz xəbərdarlıq edirik ki, delimitasya ilə bağlı hər hansı müqaviləyə razılıq verməsinlər. Əks halda hakimiyyət dəyişdikdən sonra bir daşı belə orada qoymayacağıq və bütün müqavilələri ləğv edəcəyik” - Natelaşvili belə demişdi.

Politoloq Nəzakət Məmmədov Cebhe.info-ya bildirib ki, Şalve Natelaşvili təxribatçı açıqlamaları ilə tanınır. Onun budəfəki sözləri də Azərbaycan-Gürcüstan münasibətləri pozmağa xidmət edir:

“Natelaşvili qızışdırıcı əməlləri ilə yadda qalıb. O, bir müddət öncə keşişlərlə Keşikçidağa gələrək Azərbaycanın sərhədçi əsgərlərinə qarşı aqressiv təxribatçı hərəkətlər etmişdi. Hətta mən özüm də sosial şəbəkədə onun səhifəsinə cavab yazmışdım. Etirazla bildirdim ki, Azərbaycanın yardımı və dəstəyi olmadan Gürcüstan dövlət müstəqilliyini saxlaya bilməzdi. Bunların hamısını faktlarla göstərmişdim. Təbii ki, özü də bunları yaxşı bilir. Sadəcə olaraq, Natelaşvili kimi insanlar hansısa qüvvələrin əlində alətdir. Şalva Natelaşvilinin bəyanatı özünün düşüncəsinin məhsulu deyil. Görünür, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından narahat olan xarici qüvvələr Natelaşvilidən istifadə edir. Məqsəd iki ölkə arasındakı münasibətləri gərginləşdirməkdir. Ancaq Natelaşvili Gürcüstan cəmiyyətində nüfuzu olmayan siyasətçidir. Normal cəmiyyətdə radikal, sağçı partiyalar yüksək reytinqə sahib olmur. Gürcüstanın demokratik dövlətə çevrilmək və Qərbə inteqrasiya etmək iddiasında olduğunu nəzərə alsaq, belə olan halda radiakalizm, şovinizm qəbul edilməyən cərəyanlardır. Gürcülər belə çağırışlara dəstək versə, bu, onların strateji seçimi və arzuları ilə ziddiyyət təşkil edəcək. Bir tərəfdən Avropaya və Avroatlantik məkana inteqrasiya etmək istəyən Gürcüstan cəmiyyətinin digər tərəfdən radikal, şovinist düşüncəli bir siyasətçini dəstəkləməsi hadisələrin məntiqinə ziddir. Mən əminəm ki, Natelaşvili kimi siyasətçilər hansısa kənar qüvvələrdən təlimat, maliyyə almaqla vəziyyəti gərginləşdirməyə çalışır. Belə siyasətçilərin fəaliyyəti Gürcüstanın özü üçün də problem yaradır. Gürcüstan xalqı Qərbə inteqrasiya etmək istəyirsə, 2020-ci ildə keçiriləcək parlament seçkilərinin demokratik olmasını istəyirə, bu sayaq bəyanatlara reaksiya verməlidir. Gürcüstan dövləti özü ona etiraz etməlidir. Azərbaycan və Türkiyə ilə birlikdə keçirilən təlimlər də Gürcüstanın təhlükəsizliyi üçün vacibdir. Ona görə də müəyyən qüvvələr belə bəyanatların səslənməsinə nail olmaqla ajiotaj yaratmaq istəyir. Üstəlik, Gürcüstanın özündə də vəziyyət getdikcə gərginləşir. 2020-ci ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Natelaşvili kimi adamların “suyu bulandırması” gözləniləndir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz