Bidzina İvanişvili ölkədə növbədənkənar parlament seçkisi keçirmək qərarı verib.
Axar.az xəbər verir ki, bu məlumatı “Taymer” portalı Gürcü Arzusu Partiyasındakı mənbəyə istinadən yayıb.
“Bəli, deyə bilərəm ki, Gürcü Arzusu Partiyası və xüsusilə onun rəhbəri Bidzina İvanişvili növbədənkənar parlament seçkisi keçirmək qərarı qəbul edib. Məndə informasiya var ki, İvanişvili artıq vasitəçilərini Prezident Salome Zurabişvilinin yanına məsləhətləşmələr üçün göndərib. Qanuna uyğun olaraq, prezident andiçməsindən 6 ay son növbədənkənar seçki təyin edə bilər. Aydındır ki, Zurabişvilinin andiçmə mərasimi 16 dekabrda baş tutub. Zurabişvili isə buna uyğun olaraq iyunun ortasında növbədənkənar parlament seçkisi təyin etmək haqqına sahib olacaq. Bununla bərabər seçki ilə əlaqədar siyasi və insani resursların səfərbər edilməsi işi Daxili İşlər naziri Georgi Qaxariyaya tapşırılıb”, – deyə o bildirib.
Portal həmçinin seçki üçün bir neçə formal bəhanənin yaradılmasına ehtiyac olacağını və xüsusilə hökumətə qarşı etimadsızlıq məsələsindən istifadə ediləcəyini qeyd edib:
“Əgər bir neçə nazir istefaya göndərilsə və yeni hökumətin tərkibinin təsdiq edilməsi parlamentə təqdim edilsə, o zaman heç bir uğur əldə edilməyəcək. Nəticədə İvanişvilinin planı işə düşəcək. Bəzi məlumatlara görə, İvanişvili Zurabişvili ilə danışmır, amma yuxarıda qeyd etdiyimiz kimi, o, artıq vasitəçilərini Salomenin yanına növbədənkənar seçki təyin etməsi üçün göndərib və prezident də böyük ehtimalla bununla razılaşıb. Gürcüstan siyasətində hadisələrin bu ssenari üzrə inkişaf edəcəyi məntiqlidir. Hökumətin təsdiq edilməməsi ilə yanaşı, ölkədə yeni siyasi böhranın ortaya çıxması səbəbiylə də növbədənkənar parlament seçkisi təyin edilə bilər. Bu versiyanın da reallaşması mümkündür. Belə ki, son dövrün hadisələri buna doğru aparır. Məsələn, David Qareci (Keşikçidağ monastrı) ilə bağlı vəziyyət həddən artıq kəskindir və buna imkan yarada bilər”.