Gürcü mətbuatının Azərbaycanla sərhəddəki Keşikçidağ məbədinə (David Qareci monastrı) dair süni iddiaları şişirtdiyi bir vaxtda gürcü ibadətgahlarının da ermənilər tərəfindən dağıdılması prosesi davam etməkdədir. Gürcüstan ictimaiyyətinin diqqətinin David Qareci məsələsinə yönəldiyi bir zamanda erməni millətçiləri Axalkələk bələdiyyəsinin Korxi kəndindəki qədim gürcü kilsəsini qəsdən məhv ediblər.
Axalkələk bələdiyyəsinin Korxi kəndindəki Müqəddəs Stepan kilsəsinin məhv edilməsi faktını Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyi qeyd edir. Sözügedən agentlik kilsədə aparılan işləri vandalizm kimi xarakterizə edərək, bu barədə rəsmi “feysbuk” səhifəsində məlumat verib. Hesabatda qeyd olunur:
“İcazəsiz qərarın və “tikinti işi”nin təşəbbüskarı olan Yurik Tsarukyan kilsənin XIX əsrdəki xarici görkəmini dəyişmişdir. Mədəni irs abidəsinin divarları güclə dağıdılmış və məbədin fasadlarından biri isə demək olar ki məhv edilmişdir”.
Mayın 10-da Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin əməkdaşları işlərin icazəsiz olaraq həyata keçirildiyini öyrəniblər. Gürcüstanın “Mədəni İrsin Öyrənilməsi haqqında” qanununun 30-cu maddəsi əsasında Yurik Tsarukyana gördüyü işləri dayandırmaq və mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı tələbləri yerinə yetirmək barədə yazılı xəbərdarlıq göndərilib:
Abidənin bütün növ işləri dərhal dayandırılmalıdır;
Mütəxəssislərin nəzarəti altında kilsənin təməli dəmir-betonla möhkəmləndirilməli və proses hesabat üçün videoya çəkilməlidir.
Bir ay müddətində qalan işlərin görülməsi üçün Mədəni İrsin Qorunması üzrə Milli Agentlikdən icazə alınmalıdır.
Agentliyin yazdığına görə, Yurik Tsarukyan tikintiyə görə razılığın alınmasına dair tələbləri yerinə yetirməkdən imtina edib. Nəticədə, bu il mayın 21 - də Agentlik, İnzibati Xətalar Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, hesabat hazırlayaraq Yurik Tsarukyanı 5000 lari həcmində cərimələyib.
Ancaq buna baxmayaraq, Gürcüstan məbədinin dağıdılması davam etdirilib. Agentliyin yazdığına görə, xəbərdarlıq və cərimələrə baxmayaraq, kilsədəki işlər icazəsiz davam etməkdədir. Bunun artıq cinayət məsuliyyəti olması belə erməni vandallarını dayandırmır. Agentliyin işçiləri isə hüquq qaydalarının pozulması faktını araşdırmağa davam edəcəklər.
Qeyd etmək lazımdır ki Gürcüstandakı Erməni Apostol Kilsəsinin Tbilisidəki erməni millətçiləri Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri 442 Gürcüstan kilsəsinin siyahısına daxil edib və ermənilərə aid olduğunu bildiriblər.
Bu kilsə Axalkələk bələdiyyəsinin kilsələri arasında sayca 33-cüdür. 1830-cu illərdəki Korxi və Surb Stepanos (Surb Qriqor Lusavoriç ) 1884-1890-cı illərdə bərpa olunub – bu məlumat rəsmi Ermənistanın iddiasına əsaslanır. Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanlar da Samtsxe-Cavaxetiyada heç bir erməni yox idi.
1830-cu ildə kilsə ermənilər tərəfindən tutulub. 1884-1890-cu illərdə ermənilər tərəfindən ələ keçirilən gürcü kilsələrində təmir işləri aparılıb, kilsələrin gürcülərə mənsub olduğunu isbat edən dəlillər məhv edilib, yerinə isə erməni yazısı olan saxta daşlar qoyulub.
Buna baxmayaraq, Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyinin mütəxəssisləri kilsəni araşdırmağa başladıqları zaman dərhal Korxi kəndindəki kilsənin gürcülərə aid olduğunu təsbit etmişlər. Ermənilər isə onu “erməni abidəsi” adlandıraraq, yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoyublar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən Gürcüstan kilsələrinin kütləvi şəklidə mənimsənilməsi dövründə baş verib. Kilsənin təməlinin və divarlarının gürcülərə mənsub olmasını istənilən mütəxəssis sübut edə bilər. Bundan əlavə, 1890-cı ildəki təmiri dövründə vəhşicəsinə dağıdılmış məbəd kompleksinin məzar daşlarını ermənilər mənimsəyiblər.
Kilsənin bu cür vəhşicəsinə məhv edilməsinin qarşısını almaq üçün Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentlik, Axalkələk bələdiyyəsinin Korxi kəndində yerləşən Müqəddəs Stefan kilsəsinin dağıdılmasının qarşısını almaq üçün kilsəni öz himayəsi altına aldı. Kilsənin himayə altına alınması 2017-ci il iyunun 30-da Mədəniyyət abidələrinin müdafiəsi üzrə Milli Agentliyin direktoru Nikoloz Antidzenin tapşırığı ilə yerinə yetirildi.
Müqəddəs Stefan kilsəsi kəndin şimal-şərq hissəsində yerləşir. XIX əsrin sonunda tikilib. Daha əvvəllər kilsənin şərq tərəfində yerləşən zəng qülləsinin yeri dəyişdirilmişdi. Şərqə tərəf olan divarların yaxınlığında orta əsrlərin təsvirləri olan qəbir daşları tikilib. Kilsənin cənub-qərb küncündə guya kilsənin ermənilərə aid olmasına dair saxta yazı qeyd olunub. Kilsə haqqında olan bu məlumatlar Gürcüstanın Mədəni İrs Agentliyinin saytında qeyd olunub. Kilsədəki saxta erməni yazısı guya 1890-cı ilə əsaslanır və beləliklə də ermənilər kilsəni sıfırdan qurduqlarını iddia etməyə çalışaraq qədim gürcü kilsəsini tutmadıqlarını iddia edirlər.
Lakin ermənilər kilsəni mənimsəmə cəhdlərinə baxmayaraq, Gürcüstanın Mədəni İrs Agentliyinin mütəxəssislərini aldatmağı bacarmadılar. Çünki mütəxəssislər dərhal kilsənin təməlinin orta əsrlərə aid olduğunu, əvvəllər bu yerdə yaşayan qədim gürcü kilsəsinin tikinti elementlərinin ermənilər tərəfindən qəsdən məhv edildiyini artıq qeyd ediblər.
Korxi kəndindəki gürcü kilsəsinin erməni mənşəli olmasını isbat etməyin mümkün olmadığını başa düşdükləri üçün erməni vandalları kilsənin fundamentinə qədər bərpa adı altında Gürcüstana aid olan bütün izləri məhv ediblər.
Əslində Gürcüstan hakimiyyətinin Gürcüstan ərazisindəki erməni qəsəbələrində yerləşən bütün gürcü türbələrini qoruması heç də gec deyil. Əgər bu istiqamətdə müvafiq tədbirlər görülməsə onda gürcü mədəniyyətinin qiymətli abidələri eləcə də gürcü xalqının türbələri, Korxi kəndində olduğu kimi ermənilərin tərəfindən vəhşicəsinə məhv ediləcək. Ermənilərin isə iddia etdikləri gürcü kilsələri hər an dağılma təhlükəsi ilə qarşı-qarşıyadır.
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
E–mail:
[email protected] \\modern.az\\