Axtarış...

Gürcüstan azərbaycanlıları siyasi partiya yarada bilərlərmi? - GƏLİŞMƏ

Gürcüstan azərbaycanlıları siyasi partiya yarada bilərlərmi? - GƏLİŞMƏ

Gürcüstanda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq ölkənin siyasi arenasında ciddi canlanma müşahidə olunur. Hakim Gürcü Arzusu Partiyasının etirazçıların tələbini qəbul edərək gələn ildən proporsional seçki sisteminə keçid barədə qərarı isə siyasi fəallığı daha da artırıb.

Yeni sistem üzrə və sıfır seçki baryeri şəraitində keçiriləcək seçkilərdən sonra Gürcüstan çoxpartiyalı parlamentə sahib olacaq. Buna görə də qonşu ölkədə parlament seçkilərinə hədəflənmiş yeni siyasi partiya və təşkilatların yaranacağı gözlənilir.

Bu kontekstdə Gürcüstanda say baxımından birinci yerdə olan milli azlıq – azərbaycanlıların siyasi fəallığı gündəmə gəlib. Sosial şəbəkələrdə Gürcüstanda yaşayan azərbaycanlıların siyasi partiya yaratması üçün şansın yarandığı ilə bağlı fəal müzakirələr aparılır.

Gürcüstanın “Vətəndaşların siyasi birlikləri” haqqında qanununa əsasən, partiyanın yaradılması və onun fəaliyyətində iştirak hər bir ölkə vətəndaşının konstitusion hüququdur. Regional və hər hansı ərazi prinsipi ilə partiyaların yaradılması yolverilməzdir.

“Report”un yerli bürosu Gürcüstanda yaşayan soydaşlarımızın partiya yaratması, siyasi təşkilatın gələn ilki seçkilərdə iştirak etməsi imkanlarını araşdırıb.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri (GAMK) Əli Babayev bildirib ki, ölkədə yaşayan milli azlıqların partiya yaratmaq hüququ yoxdur: “Azərbaycanlılar hərəkat təsis edə bilərlər. Həmin təşkilatda ictimaiyyət arasında böyük hörmət və nüfuza sahib azərbaycanlılar təmsil oluna bilərlər. Lakin təəssüflər olsun ki, Gürcüstanın azərbaycanlı vətəndaşları arasında birlik yoxdur. Buna görə də onların hər hansı bir təşkilat ətrafında birləşmələrini real hesab etmirəm”.

GAMK sədri Gürcüstan azərbaycanlılarının hərəkat yaratması ilə bağlı geniş müzakirələrin aparılmasına ehtiyacın olduğunu deyib: “Amma ortada fikir ayrılıqları və şəxsi mənafenin güdülməsi faktları var. Ona görə də bu müzakirələrin hər hansı bir nəticə verəcəyini düşünmürəm”.

Ə.Babayevin fikrincə, yerli azərbaycanlılar Gürcüstanda milli azlıqların problemlərinə biganə olmayan, ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərinə önəm verən aparıcı siyasi partiyaların sıralarına qoşula bilərlər.

İnsan haqlarının monitorinqi üzrə Qafqaz Mərkəzinin rəhbəri Elbrus Məmmədov deyib ki, proporsional seçki sisteminə keçid elan olunandan sonra Gürcüstan parlamentində təmsil olunmayan partiyalar milli azlıqların səsləri uğrunda mübarizəyə başlayıblar: “Bununla yanaşı siyasi baxımdan fəal olan milli azlıqlar arasında da müəyyən canlanma yaranıb. Bir sıra partiyaların fəalları milli azlıqların yaşadıqları bölgələrdə daha çox səs əldə etmək üçün fəaliyyətə başlayıblar. Milli azlıqları partiyalara birbaşa dəvət etməklə bağlı böyük şans olmadığından, kiçik partiyaların yaradılmasına qərarlar verilir”.

E.Məmmədovun sözlərinə görə, Gürcüstan qanunvericiliyi regional və etnik mənsubiyyətə görə partiyaların yaradılmasına imkan vermir: “Lakin ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsində yerli diaspor üzvlərinin təmsil olunduğu “Virk” Partiyası təsis etmələrinə heç kim mane olmadı. Həmin partiya bölgənin siyasi həyatında əhəmiyyətli rol oynadığından, qeydiyyata alınmadı, daha sonra isə buraxıldı və qadağan edildi”.

Mərkəz rəhbəri deyib ki, erməni diasporu Gürcüstanın siyasi partiyaları ilə fəal əməkdaşlıq edir, öz maraqları naminə lobbiçilik edir və bunun da sayəsində öz məqsədlərinə nail olur.

E.Məmmədov təəssüflə qeyd edib ki, Gürcüstanın Azərbaycan icması öz tələb və səylərini hələ də formalaşdıra bilməyib. Onun sözlərinə görə, hər bir azərbaycanlının səsi Azərbaycan icmasının maraqlarına cavab verən siyasət aparacaq və real əməkdaşlıq edəcək partiyanın xeyrinə olmalıdır.

Mövzunu şərh edən Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia isə ölkədə yaşayan azərbaycanlıların siyasi partiya yaratmalarının qəti əleyhinə olduğunu bildirib: “Gürcüstan dövləti gürcü və azərbaycanlı vətəndaşı arasında fərq qoymur. Gürcüstan xalqı vahid xalqdır və yerli azərbaycanlı gürcü kimi eynihüquqlu vətəndaşdır. Azərbaycanlılar Gürcüstanın ümumi siyasi həyatında fəal iştirak etməlidirlər. Bu, heç bir halda ayrıca baş verməməlidir”.

Ekspertin fikrincə, əgər Gürcüstanın azərbaycanlı vətəndaşı siyasi partiya yaradarsa, həmin təşkilat yalnız azərbaycanlılar üçün deyil, hamı üçün olmalıdır: “Azərbaycanlının lideri olacağı partiyaya gürcülər də məmnuniyyətlə üzv ola bilərlər. Bu məsələdə heç bir fərq və ayrı-seçkilik olmamalıdır. Əgər belə bir fərq qoyulsa, bu böyük səhv olacaq”.

Konstitusiya üzrə ekspert Vaxuşti Menabde isə bildirib ki, Gürcüstan Konstitusiyası regional bölgü üzrə partiyaların yaradılmasını qadağan edir: “Ölkədə dini, milli və etnik ədavəti alovlandıracaq siyasi partiya yaratmaq və ya bu istiqamətdə hər hansı bir fəaliyyət yolverilməzdir. Milli azlıqların partiya yaratması ilə bağlı qanunvericiliklə başqa digər qadağalar nəzərdə tutulmayıb”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz