Hazırda ABŞ dünyada əsas qlobal güc rolunu oynayan ölkədir. Ancaq ABŞ hansı ölkəni dəstəkləyib və inkişaf məsləhəti verirsə, oranı dağıntılar, etirazlar bürüyür. Qətər, Küveyt, Oman, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Malayziya, Cənubi Koreya, Tayvan, Yaponiya, Sinqapur, Bruney və s.
Maraqlıdır, ABŞ nə vaxtdan dünyanın ən güclü ölkəsi oldu?
Redaktor.az bildirir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov məsələyə münasibət bildirib.
Politoloq hesab edir ki, XX əsrdə hər iki dünya müharibəsindən sonra daha da güclənən məhz Amerika Birləşmiş Ştatları və onun strateji xarici siyasət konsepsiyası idi:
“1913-cü ildə müharibənin başlanmasına bir müddət qalmış ABŞ-da federal rezerv sistemi qurulur. Dolların dünyadakı ağalığını təmin etmək, Britaniya və ABŞ-ın dünyada hegemonluğunu qurmaq üçün rəqibləri zəiflətmək lazım idi. Onlara qarşı birbaşa müharibə mümkün deyildi. Deməli, onları bir-birinə qarşı vuruşdurmaq labüd idi. Rusiya, Almaniya, Osmanlı, Fransa adi imperiyalar deyildilər. Onlarda oturuşmuş maliyyə sistemləri mövcud idi. Lakin, artıq müharibənin sonunda, istər qaliblərin, istərsə də məğlubların yeni maliyyə qrupuna külli miqdarda borcları olacaqdı. Beləliklə, yeni dünya sisteminin qurulmasında ABŞ-da oturan bankir qruplar əsas subyekt rolunu oynayacaqdılar”.
Z. Məmmədov bildirib ki, I Dünya müharibəsinin nəticəsi olaraq dünya yeni sistemə-Versal sisteminə keçid etdi:
“Beləcə, 1919-cu ildə ABŞ, Britaniya və Fransa Avropanın taleyini bölgənin son əsrlərdəki digər gücləri olan Rusiya və Almaniyasız həll etdilər. ABŞ-ın yalnız müharibənin sonlarına yaxın almanlara qarşı müharibədə iştirak etməsinə baxmayaraq, 1914-cü ildən savaşan rus ordusu və Peterburqun maraqları Versalda nəzərə alınmadı. Əvəzində dünya qızıl ehtiyyatlarının 40 %-i müharibə zamanı ABŞ-a təcili şəkildə göndərilmişdi. Eyni zamanda İngiltərə, Fransa, Almaniya, Rusiya və digər dövlətlərin federal rezerv sisteminə milyardlarla dollar borcları var idi. ABŞ Prezidenti Vilsonun 1918-ci ildə Birinci dünya müharibəsinin yekunlarına dair çıxışı və irəli sürdüyü təkliflər də məhz Vaşinqtonun belə manevrlərindən sayıla bilər. Bu təkliflər 14 bənddən ibarət idi və ABŞ-a tərəflər arasında manevr etmək imkanı yaradırdı. Məsələn, bəndlərdən birində göstərilirdi ki, danışıqlar açıq keçirilməli və heç bir gizli beynəlxalq saziş imzalanmamalıdır. Yaxud, istənilən vəziyyətdə ticarət gəmiçiliyinə və beynəlxalq ticarətə maneçiliyin aradan qaldırılması tələbini uzaqgörən siyasət sırasına aid etmək olardı”.
Z. Məmmədov qeyd edib ki, bu dövr ABŞ-ı siyasi, hərbi, iqtisadi planda dünya lideri olmasına gətirib çıxardı:
“Nəticədə, Vaşinqton dünyadakı bütün proseslərin mərkəzinə çıxaraq, planetin siyasi nüvəsinin Avropadan okeanın o tayına transformasiyasına nail oldu”.