Axtarış...

Geri dönüşü olmayan milyonlar... - TƏHLİL

Geri dönüşü olmayan milyonlar... - TƏHLİL

Azərbaycandan Gürcüstana pul köçürmələri 22 faiz artıb.

Gürcüstan Milli Bankı məlumatına görə, bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4 faiz paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7 faiz çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6 faiz və yaxud 0,3 milyon dollar çoxdur.

Maraqlıdır, Azərbaycan pulu Gürcüstana niyə çıxarılır? Əsasən hansı sahələrə yatırılır və nə qədər əlverişlidir?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, söhbət investisiya qoyuluşlarından yox, pul köçürmələrindən gedir:

“Nəzərə almaq lazımdır ki, Gürcüstanda yaşayan azərbaycanlıların sayı kifayət qədər çoxdur. Məhz pul köçürmələrin bir qismi də Gürcüstanda yaşayan azərbaycanlıların qohumları tərəfindən göndərilir. Bu da Gürcüstana pul köçürmələri kimi rəsmiləşir. İnvestisiya baxımından Gürcüstanda ən aktiv fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR tərəfindən Gürcüstana yatırılan investisiyanın həcmi kifayət qədər çoxdur. Nəzərə alaq ki, ARDNŞ-i fərqli sahələrə xüsusən də enerji sektoruna investisiya edir. Yanacaqdoldurma məntəqələrinin inşa edilməsinə də SOCAR tərəfindən investisiya həyata keçirilir. Gürcüstan Azərbaycan üçün həm avtomobil, həm də ət məhsullarının idxalı baxımdan cəlbedici ölkədir. Hətta bəzi mövsümi kənd təsərrüfatı məhsulları belə, Gürcüstandan Azərbaycana idxal edilir. İdxal olunan kənd təsərrüfatı məhsullarında Gürcüstanın müəyyən qədər payı var. Xüsusən iri və xırdabuynuzlu mal-qaranın və avtomobil idxalı Gürcüstandan birbaşa həyata keçirilir ki, bu da Azərbaycana idxal olunan məhsulların həcminə təsir göstərir”.

Analitik hesab edir ki, azərbaycanlı iş adamları Gürcüstanda çox aktiv deyillər:

“Xidmət sektorunda azərbaycanlı iş adamları fəaliyyət göstərir. Amma Gürcüstan bazarı xüsusən də Azərbaycanın qeyri-neft sektorunda çalışan böyük şirkətlər üçün hələlik cəlbedici hesab olunmur. Daha çox enerji və nəqliyyat sahəsində əməkdaşlıq var. Bütün hallarda pul köçürmələrinə investisiya qoyuluşları, Gürcüstanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları, eyni zamanda orada yaşayan azərbaycanlılar birbaşa təsir göstərir. Bu kontekstdən Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmində artımlar müşahidə olunur”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz