Axtarış...

Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL

Neft bazarında təlatüm: "Büdcədə qırmızı xətt yoxdur" - TƏHLİL

2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.

Maliyyə Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”ya görə, bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır. 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə nəzər yetirdikdə görünür ki, büdcə gəlirlərinin 24484.0 milyon manat, büdcə xərclərinin isə 25617.7 milyon manat olması nəzərdə tutulub. Büdcə kəsirinin 1133.7 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da kəsirin 2019-cu illə müqayisədə 43.9 faiz azalacağı deməkdir.

Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

Həmçinin, 2020-ci ildə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1.7 səviyyəsində qalacağı, inflyasiyanın cari ilin sonunda 3.7 faiz olacağı, növbəti ildə isə 4.6 faizə qədər artacağı proqnozlaşdırılır. Lakin qeyd edilir ki, sonrakı illərdə inflyasiyanın artım tempinin aşağı düşəcəyi və təkrəqəmli inflyasiyanın qorunacağı gözlənilir.

Nəzərə alaq ki, son günlər Səudiyyə Ərəbistanında neft email zavoduna edilən hücum neft bazarında qiymətləri bahalaşdırıb. Bəzi ekspertlər qiymətin hər barel üçün 100 dollara qədər yüksələcəyini istisna etmirlər.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, 2020-ci ilin büdcəsi 2019-cu ilə nisbətən 500 milyon manat artıb:

“Nəzərə almaq lazımdır ki, gələn il neft həcmləri azalacaq, büdcədə neftin orta qiyməti 5 dollar aşağı düşəcək. Bu artımın nəyin hesabına olması sual doğurur. Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 11 milyard manatdan çoxdur. Qeyri-neft sektorunda da artımlar var, ancaq əsasən Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə ödəmələrin həcmi artır. Bunun hesabına artım əldə ediləcək. 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun müəyyən payı var. İstənilən halda, büdcədə qeyri-neft sektorunun gəlirlərinin payı artmalıdır. Əks halda, bu günədək tikilib istifadəyə verilən zavodların bir xeyri olmaz. Xeyri olmasa, cavab verməlidirlər ki, niyə bu müddət ərzində layihə tam gücündə işləməyib. Ümumiyyətlə, növbəti ilin dövlət büdcəsini yaxşı qiymətləndirmək olar. Əgər artım varsa, müsbətdir”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün neftin “qırmızı xətt” məsələsi yoxdur:

“Azərbaycan büdcədə neftin qiymətini 20 dollardan da götürə bilər. Əsas odur ki, ölkənin xərcləri təmin olunsun və bu reallıqdan çıxış etmək mümkün olsun. 2015-ci ildə Azərbaycanda neftin büdcə qiyməti 90 dollardan götürülmüşdü, ancaq real qiymət 54 dollar idi. Azərbaycan Neft Fondu büdcəyə dəyişiklik etdi, çatışmayan vəsaitləri götürdü və yaxud da xərclərin müəyyən hissəsini kəsdi. Hesab edirəm ki, neftin büdcə qiyməti məsələsində ölkənin şəraitini də nəzərə almaq lazımdır. Azərbaycan Yunanıstan deyil ki, kiminsə maaşı verilməyəndə bütün ölkə küçəyə tökülsün. İstəsə 3 milyard büdcə xərcini birdən kəsər. Nə etmək olar? Azərbaycanda belə şeylər qorxulu deyil, asandı”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz