Axtarış...

Ərəblər Azərbaycandan küsüblər - Turistlər ölkəmizə niyə gəlmirlər?

Ərəblər Azərbaycandan küsüblər - Turistlər ölkəmizə niyə gəlmirlər?

Dövlət Turizm Agentliyi son zamanlar Azərbaycana gələn ərəb turistlərin sayının azalmasına münasibət bildirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 2019-cu ilin iki ayı ərzində Azərbaycana gələn ərəblərin sayında 7 faiz azalma var:

"Bu, müvəqqətidir. Çünki ərəb ölkələrindən Azərbaycana turistlərin gəlmə istiqamətində müəyyən şərtlər dəyişib. Son zamanlar həmin ölkələrdən Azərbaycana birbaşa uçuşların sayı azalıb. Ümumiyyətlə, tək ərəb ölkələri deyil, Yaxın Şərq regionundan gələn turistlərin sayı azalıb.

Bunun müxtəlif səbəbləri var və müəyyən ölkələrə viza verilmə qaydaları fərqləndirilib. Həmin bölgələrdən bu yaxınlarda iki yeni aviaşirkət uçuşlara başlayıb. Biz bu ilin fevralından Yaxın Şərq bölgəsində geniş təbliğat kampaniyasına başladıq və təbliğat işləri aparılır.

Bir şeyi nəzərə almaq lazımdır ki, turizm həm qəbul etmək, həm də yola salmaqdır. Yaxın Şərq bölgəsi iqtisadi və siyasi problemlərin çox olduğu bölgədir. Belə halların olması normaldır. Burada qeyri-adi bir şey yoxdur. Müvəqqəti azalmadan söhbət gedir.

Ölkəyə gələn turistlərin sayında 3 faiz artım varsa, ölkə turizmindən gələn gəlirlər də artır. Hansısa bazardan bir ayda gələn gəlir düşürsə, digərində artır. Bu da normaldır. Unutmaq lazım deyil ki, yanvar-fevral ayı turizmdə aşağı mövsüm sayılır. Bizdə yuxarı mövsüm isə indi başlayır”.

Kənan Quluzadənin sözlərinə görə, ölkəyə gələn ərəb turistlərin sayında bu il ərzində 7 faiz azalma olsa da, ümumi turistlərin sayında 3 faiz artım var

"70 faiz Cənubi Asiya, 30 faiz Mərkəzi Asiya, 15 faiz isə digər ölkələrdən gələn turistlərin sayında artım var. Biz yeni bazarlar istiqamətində işlər görürük ki, turizm sahəsində rəqəmlər stabil olaraq inkişaf etsin”.

Agentlik rəsmisi İrandan Azərbaycana gələn turistlərin sayının azalmasına da aydınlıq gətirib.

O qeyd edib ki, ötən ildən başlayaraq İrandan digər ölkələrə çıxış 50 faiz azalıb:

"2018-ci ildə Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən 33 faiz, İrandan Gürcüstana gedənlərin sayı isə 45 faiz azalıb. Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalar, oradan turist çıxışı üçün tətbiq olunan vergi və valyuta əldə edə bilməməklə əlaqəlidir. Biz bilirdik ki, Novruzda iranlıların sayı azalacaq və bu, gözlənilən idi”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz