Axtarış...

Gürcülər Keşikçidağdan əl çəkdilərmi? - GƏLİŞMƏ




Gürcüstan Keşikçidağ monastırı ətrafında yaranmış ərazi mübahisəsi ilə bağlı iddialarından imtina etmək qərarına gəlib.

Hələlik bu məsələ hökumət səviyyəsində səsləndirilməsə də Gürcüstan Patriarxlığının yaydığı bəyanat Keşikçidağ monastır kompleksinin Azərbaycana məxsusluğunu tanımaq kimi başa düşülə bilər.

Gürcüstan Patriarxlığı Gürcüstan və Azərbaycan arasındakı mübahisəli zonada sərhədyanı ərazi yaratmaq təşəbbüsünü dəstəkləmir. David Qarecidəki (Keşikçidağ) mövcud vəziyyətə gəlincə, patriarxlıq bu təşəbbüsün yalnız ərazi mənsubiyyəti məsələsində dövlətlər arasında qeyri-müəyyənlik olduqda qəbul ediləcəyini bəyan edir və mövcud vəziyyətdə bu təklifin David Qarecinin Gürcüstana aid olması məsələsinin şübhə doğurduğunu bildirir-Gürcüstan mediası vasitəsilə yayılan məlumatda belə qeyd edilir.

"Təəssüflə qeyd etmək istəyirik ki, David Qareci monastır kompleksinin bir hissəsi olan Udabno və Çiçxituri monastırları məsələsi hələ də həll edilməyib. Təbii ki, bu vəziyyətdə hamı çıxış yolu tapmağa çalışır.

Nəzərə alınmalıdır ki, belə cəhdlərdən biri təşəbbüs qrupunun bu yaxınlarda səsləndirdiyi qeyd olunan monastırlarla bağlı problemin bu coğrafi ərazidə Gürcüstan və Azərbaycan arasında sərhədyanı ərazini yaratmaqla həll edilməsidir. Belə bir model yalnız tarixi, mədəni, hüquqi və kartoqrafik cəhətdən dövlətlər arasında ərazi mənsubiyyəti məsələsində qeyri-müəyyənlik olduğu təqdirdə müsbət qəbul edilə bilər. Udabno və Çiçxituri monastırlarının vəziyyətində bu kateqoriyalardan birinə düşəcək bir problem yoxdur. Bu təkliflə faktiki olaraq mövcud sənədlərə laqeyd yanaşaraq həmin ərazinin Gürcüstana aid olmasını şübhə altına alırıq. Buna görə də, Gürcüstan Kilsəsi irəli sürülən təklifi dəstəkləyə bilməz. Bir daha səbrlə bu problemin hüquq müstəviyə keçirilməsini və 15 iyul 2019-cu ilədək mövcud status-kvonun bərpasını gözləyirik. Ümid edirik ki, xalqlarımız arasında yaranmış ənənə müsbət nəticə verəcək və sülhün alternativi olmayacaq"-bəyanatda belə deyilir.

Azərbaycan tərəfi isə Gürcüstanla sərhədlərin delimitasiyasına və demarkasiyasına dair işlərlə bağlı növbəti görüşün 2019-cu ilin sonu və ya 2020-ci ilin birinci rübündə keçiriləcəyini deyib. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verib.

"Bu hər iki tərəf üçün aktual olduğu üçün delimitasiya çərçivəsində işimizi davam etdiririk. Sərhədin 2/3 hissəsi artıq razılaşdırılıb, sərhədin 1/3 hissəsində bəzi fikir ayrılıqları var"-Xələf Xələfov jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu fərqləri aradan qaldırmaq üçün mütəxəssislərin görüşlərini davam etdirmək, sənədləri, o cümlədən arxiv sənədlərini nəzərdən keçirmək lazımdır.

"Tərəqqi əldə etmək üçün ekspertlərin görüşü komissiyanın növbəti iclasına qədər davam edəcəkdir. Tiflisdə ekspertlərin görüşünü planlaşdırırıq. İnanıram ki, bu ilin sonu, 2020-ci ilin birinci rübünə qədər bu baş tutacaq"-deyə nazir müavini bildirib.

Bununla yanaşı, X.Xələfov mövcud prosesi siyasiləşdirməyə ehtiyac olmadığını deyib.

Xatırladaq ki, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası işləri 1996-cı ildən bəri davam edir. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-dən 314-ü razılaşdırılıb. İkitərəfli komissiyanın son iclası 2019-cu il mayın sonlarında Bakıda keçirildi. //cebhe.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz