Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün hazırlıq işləri tamamlanmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev işin gedişatı ilə maraqlanmaq üçün heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovun emalatxanasında olub. S.Qurbanov məlumat verib ki, tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur. Yaz aylarında iş təhvil veriləcək.
Xatırladaq ki, Nəsiminin heykəlinin ucaldılması ilə bağlı səfirliyimizlə Kiyev şəhər Dövlət Administrasiyası arasında ilkin razılıq əldə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.