Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə başlanması üçün hazırlıq işlərinin 80 faizdən çoxu başa çatıb.
Bunu Trend-ə özəl müsahibəsində layihənin operatoru “ICGB AD” şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2015-ci ilin dekabrında qəbul edilmişdi: “Boru kəmərinin Bolqarıstan hissəsinin tikintisi üçün icazə alınıb. Yunanıstan hissəsinin tikintisinə icazə isə üçüncü tərəflərin boru kəmərinə çıxışı ilə bağlı müəyyən qaydaların qəbul olunmasından dərhal sonra alınacaq”.
T.Georgiyeva qeyd edib ki, səhmdarlar və Avropa Komissiyası layihənin maliyyə modelini və biznes planını razılaşdırıblar:
“Hazırda Bolqarıstanla Yunanıstan arasında 25 il müddətinə vergitutma məsələləri ilə əlaqədar hökumətlərarası sazişin hazırlanması üzrə danışıqlar aparılır”.
Onun sözlərinə görə, Avropa Komissiyasının rəqabət məsələləri üzrə baş direktorluğu dövlət yardımı barədə ilkin bildiriş prosedurunu başa çatdırıb.Trend