Axtarış...

Sabir Rüstəmxanlı: “Nəsimi yaxşı araşdırılmayıb, biz ona çox borcluyuq”

Sabir Rüstəmxanlı: “Nəsimi yaxşı araşdırılmayıb, biz ona çox borcluyuq”

“Nəsimi klassik ədəbiyyatımızın, poeziyamızın ən nəhəng simalarından biridir. Hələ sona kimi araşdırılıb, tədqiq edilib, sona kimi dərk olunmamış bir dahidir”.

Bunu açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, Nizami və Füzuli kimi mütəfəkkirlərə nisbətdə Nəsiminin çox da araşdırılmadığını bildirir:

“Biz Nizaminin, Füzulinin nəşri və tanıdılması sahəsində çox iş görmüşük. Amma Nəsimiyə o baxımdan borcluyuq. Ona görə də bu ilin Nəsimiyə həsr olunması son dərəcə ciddi, lazımlı, son dərəcə dəyərli bir hadisədir. Mənə elə gəlir ki, Nəsiminin əsərlərinin yenidən çap olunması - həm kütləvi tirajla, həm də nəfis şəkildə nəşri olunması çox vacibdir”.

Xalq şairinin fikrincə, “Nəsimi ili”ndə araşdırılmalı məsələlərdən biri də Nəsimin əsas ideya daşıyıcısı olduğu hürufizm hərəkatıdır:

“Bir sıra şeirləri rus, ingilis dillərinə çevrilib. Dünya dillərində də onun tanıdılması, müxtəlif dillərə tərcümə olunması çox vacibdir. Nəsimi dövrü və o dövrün xüsusiyyətləri, xüsusən də hürufizm hərəkatı və onun mahiyyəti və onun əslində insanı böyüdən, insanı ucaldan prinsip etibarı ilə cəhalətə, xurafata, işğala qarşı olan ruhu daha yaxşı araşdırılıb və təqdim olunmalıdır. Hürufizmlə bağlı kitablar yazılmalıdır. Görüşlər keçirilməlidir. Bizim Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyimizdə “Nəsimi poeziya evi” adlı bir ocaq, gözəl bir məkan hazırlamaq olar ki, orada şeir axşamları, bir sıra tədbirlər keçirilsin. Ümumiyyətlə, Nəsimi bizim anadilli ədəbiyyatımızın ən böyük zirvələrindən biridir. Bəlkə də ən böyük zirvəsidir. Ona görə də düşünürəm bu il çox işlər görüləcək”.

Moderator.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz