Axtarış...

Pis söz deməyi tərgitmək üçün 10 məsləhət

Pis söz deməyi tərgitmək üçün 10 məsləhət
Pis söz deyən və ya söyüş söyən - əslində şeytanın şərikidir. Belə ki, İmam Sadiq (ə) buyurur: "Şeytanın insanın nütfəsində iştirak etməsinin nişanələrindən biri də budur ki, o, söyüş söyən olar. Nə dediyindən və nə eşitdiyindən qorxmaz".

Bəs söyüş söyməyə adət edən insan özünü necə müalicə etməlidir?

1. İnsan əziz olmasını saxlamaq üçün, ağzını təmiz etməlidir. İnsan xoşlayır ki, başqaları tərəfindən əzizlənsin və sevilsin. Ancaq o insan ki, söyüş söyməyə adət etmişdir, əksinə insanların ondan uzaqlaşmasına şərait yaradar. Bunu dərk edən insan dilini yaxşı sözlərə adət etdirər ki, pis sözləri aradan aparsın.

2. İnsan başa düşməlidir ki, söyüş söymək günahdır və o, bu günahı tərk etməlidir. Ona görə də dilini Allah zikri ilə məşğul etməlidir.

3. Kərim və alim insanlarla oturub-durmalıdır.

4. Əgər dilinə söyüş gətirərsə, tez üzr istəməlidir.

5. Allahı yada salıb, Ona sığınmalıdır.

6. Moizələrə qulaq asmalıdır və başa düşməlidir ki, ancaq yaxşı insanların adı yadigar qalır.

7. Özü ilə əhd bağlamalıdır ki, əgər dilinə pis söz gətirsə, qarşı tərəfə hədiyyə alacaq və üzr istəyəcəkdir.

8. İnsan o zaman söyüş söyər ki, kiməsə qəzəblənər. Ona görə də səbir etməyi və qəzəbinə qalib gəlməyi öyrənmək lazımdır.

9. Hər günün sonunda öz əməllərini mühasibə etməlidir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər həmin günü söyüş söyməyibdirsə, Allaha şükür etməlidir. Əgər pis söz deyibdirsə, tövbə və istiğfar etməlidir.

10. İradəsini gücləndirməlidir. Bilməlidir ki, insanın həm cismi və həm də mənəvi tərəfi vardır. Əgər mənəvi tərəfini gücləndirsə, cismi ona tabe olacaqdır və bədən üzvləri rəzil işləri görməkdən əl çəkəcəkdir.

Söyüş - ya cismi, ya da ruhi xəstəliyin nəticəsidir. Bu zaman insan ağlının, vicdan və pak fitrətinin əleyhinə iş görər. Ona görə də vicdanı daima onunla vuruşar. Bu müharibə isə insanı xəstə edər. Bu səbəbdən insan gərək vicdanının, ağıl və fitrətinin əleyhinə olan işlərdən çəkinsin.

Milli.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz