Yanvarın 22-də Azərbaycan xalqının böyük bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 95 illik yubileyidir.
Uzun və zəngin yaradıcılıq yolu keçən, bir-birindən maraqlı əsərlər yaradan mərhum bəstəkarın milli musiqimizdəki yeri və rolunu bugünkü həmkarları necə dəyərləndirir? Süleyman Ələsgərovun Azərbaycan musiqisindəki özünəməxsusluğu, əlahiddəliyi nədən ibarətdir?
“Süleyman Ələsgərovun musiqiləri hər zaman bizimlədir”
Moderator.az-a açıqlama verən tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov S.Ələsgərovun sözün həqiqi məansında böyük bəstəkar olduğunu vurğuladı:
“S.Ələsgərov Azərbaycanın böyük bəstəkarıdır. O, Şuşada anadan olub.O, hər zaman deyirdi ki, mən Üzeyir bəyin davamçısıyam. O, Ü.Hacıbəyovu özünün müəllimi hesab edirdi. S.Ələsgərov ömrünün sonuna qədər Azərbaycan musiqisinə, Azərbaycan musiqi məktəbinə sadiq olub.
O, çoxlu operattalar yazıb. O, uzun illər Musiqili Komediya Teatrında rəhbər olub. O, xalq alətləri orkestri üçün əsərlər yazıb. Onun bizə çox əsərləri qalıb. Məlumat üçün qeyd edim ki, Azərbaycan Dövlət Televiziyası tərəfindən S.Ələsgərovun yubileyi ayın 19-da qeyd ediləcək.
S.Ələsgərovun musiqiləri hər zaman bizimlədir və bu musiqi bizim qəlbimizdə hər zaman səslənəcək”.
“O, imkansız tələbələrə dəftər, çanta, kitab alırdı”
F.Sücəddinov S.Ələsgərovun bir insan kimi də nümunəvi şəxsiyyət olduğunu bildirdi:
“O, bir insan, bir vətəndaş kimi də böyük şəxsiyyət olub. Bütün insanlara kömək edib. Istedadlı insanlara hər zaman yardım edib, onlara dəstək verib. Istedadlı, lakin imkansız tələbələrə dəftər, çanta, kitab alıb. Onun tələbələri bu gün məktəblərdə dərs deyir, bu məktəblərə rəhbərlik edirlər. Və onlar hər zaman S.Ələsgərovu xoş sözlərlə, minnətdarlıq hissi ilə yada salırlar.
Süleyman müəllim böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub. Onu ancaq bu cür xarakterizə etmək olar”.