Axtarış...

Əlillik dərəcəsinin verilməsində süründürməçilik - GİLEY

Əlillik dərəcəsinin verilməsində süründürməçilik - GİLEY

Ötən ilin sonlarında əlilliyin təyin olunması ilə bağlı müzakirəyə çıxarılan qanun layihəsi bu sahədə olan problemlərin dərinləşməsinə təkan verib. Xatırladaq ki, layihədə 1,2,3 qrupların ləğv olunması, əlilliyin təyininin sırf orqanizmin funksiyalarının itirilməsi faizinin dəyərləndirillməsi ilə aparılması nəzərdə tutulur. Yeni qanunda əlilliyin müəyyən olunması meyarları ilə bağlı Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyinin xüsusi işçi qrupu, o cümlədən müxtəlif xəstəliklər üzrə mütəxəssislərlə işləyir. Eyni zamanda beynəlxalq təcrübə də öyrənilir.

Məhz bu ərəfədə əlillik dərəcəsinin alınması ilə bağlı prosedurların çətinləşdiyi bildirilir.Redaksiyamıza da bununla bağlı şikayətlər daxil olub.

Xatırladaq ki, bu sahədə olan problemlər, neqativ hallarla bağlı məqamlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılıb.Bu məsələ Milli Məclisin iclasında da qaldırılıb, ölkədə əhali sayına görə əlillərin sayının çox olduğu, bununla yanaşı saxta əlillik dərəcəsinin verildiyi də bildirilib.Məhz problemlərin olması səbəbindən Milli Məclisdə əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin "ASAN xidmət”ə verilməsi təklifləri də səslənib.

Əlillik dərəcəsi üçün müraciət edən vətəndaşlar isə prosedurun ağırlığından, çoxsaylı sənədlərin tələb edilməsindən, xəstəxana göndərişlərindən təngə gəlirlər. Bu sahədə rüşvət amilinin mövcud olduğu da iddia edilir. 2-ci və 3-cü qrupların təyininin müddətli olması vətəndaşların hər 5 ildən bir bu əziyyətlərə yenidən qatlaşması, xəstəxanada yatmaq məcburiyyətində qalmasına gətirib çıxarır.

Xatırladaq ki, ölkəmizdə bütün 2-ci və 3-cü qruplara 5 illik müddətə, 1-ci qruplara isə müddətsiz təyinat aparılır.

Əlillik dərəcəsi almaq üçün illərdir ki, problemlər yaşayan vətəndaşlar arasında Qarabağ müharibəsi iştirakçılarının da sayı az deyil. Onlardan biri də “Cümhuriyət”ə müraciət edən Goranboy rayonunun sakini Sərdar Mansurovdur. O, 1994-cü ildə gedən döyüşlər zamanı ayaq və qol nahiyələrindən yaralanıb. İllərdir ki, əlillik dərəcəsi almaq üçün idarə və müəssisələrə, xəstəxanalara nazirliklərə müraciət etsə də, hələ də buna nail ola bilmir. İş qabiliyyətinin olmaması və son illərdə səhhətində digər problemlərin də yaranması vəziyyətini daha da ağırlaşmasına səbəb olub:

“Goranboy Mərkəzi Xəstəxanasında deyirlər ki, sənə əlillik qrupu düşmür. Yaralanmısan və müalicə almısan. Amma mənim iş qabiliyyətim yoxdur axı. İşləyə bilmirəm.Orta məktəbdə mühafizəçi işləyirdim, dedilər ki, işləyə bilmirsən, işdən çıxartdılar.Məni Goranboy rayon məhkəməsinə göndərdilər. Məhkəmə sərəncam verdi ki, mənə əlillik dərəcəsi düşür. Sonra isə məni məktubla Müdafiə Nazirliyinə göndərdilər.Həkimlərdən keçdim. Nazirlik də sənəd verdi ki, mənə əlillik dərəcəsi düşür. Amma Goranboy xəstəxanasında dərəcə verməkdən imtina edirlər. Bir il yarımdır ki, həm də infarkt keçirmişəm deyə heç işləyə bilmirəm, həkim də icazə vermir”.

““Əl-ələ” Valideyn Cəmiyyəti İctimai Birliyinin sədr müavini, II qrup Qarabağ əlili Əhməd Rəhmanov isə “Cümhuriyət”-ə bu sahədə olan problemlərin bəzi səbəblərindən danışıb:

“2015-ci ildə qanun qəbul olunub ki, autizmli uşaqlara əlillik dərəcəsinin verilməsi üçün xəstəxanaya müraciət olunması vacib deyil. Amma əlillik üçün müraciət edən zaman valideynləri xəstəxanalara göndərirlər ki, 3 ay xəstəxanada qalsın və ordan sənəd gətirsin.Hələ bundan sonra da bəlli deyil ki, əllilik qrupu veriləcək ya yox.Xəstəxananın sənədlərinə baxılandan sonra bəlli olacaq ki, dərəcə verilir ya yox.Bəzən yerli məmurların, eləcə də müraciət edən şəxslərin qanunları bilməməsi bu cür problemlərə yol açır.Bu cür problemlər çoxdur”.

Əhməd Rəhmanov deyir ki, qəza nəticəsində başından ağır xəsarət alan və kəllə sümüklərindən biri çıxarılan şəxsə də əlillik dərəcəsi verilmir:

“Dünyanın hansı ölkəsinə getsə, bu adama əlillik verərdilər. Amma ona dedilər ki, 6 ay xəstəxanada qalmalıdır ki, sübut eləsin ki, sümük onun beyninin içinə girib.Hər hansısa bir amputasiya əməliyyatı keçirən şəxslərlə də bağlı bunlar baş verir.Axı xəstəxanada yatmaqla amputasiya olan orqan yerinə gəlmir.Amma deyirlər ki, mütləq 9 ay xəstəxanada yatmalısan.Vətəndaşlar isə öz hüquqlarını bilmirlər.Vəkilə üz tutmaq ənənəsi isə bizdə olmadığından bu problemlər neqativ hallara, rüşvətə yol açır”.

Azərbaycanın əlilliyi olan uşaqların sayına görə, MDB ölkələri arasında ön sıralarda olduğunu deyən Əhməd Rəhmanov bildirir ki, bunun səbəbi maddi imkansızlıq səbəbindən vaxtında həkimə müraciət edilməməsi ilə bağlıdır:

“Bu gün bizdə tibbin əlçatan olmaması səbəbindən xroniki xəstəliklər kəskin xəstəliklər səviyyəsinə gəlib çatır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz