Azərbaycanın sosial müdafiə sistemində baş verən qanun pozuntuları, korrupsiya halları zaman-zaman gündəmə gətirilib. Xüsusilə hər dəfə bu sahəyə məsul nazirliyin rəhbərliyi dəyişəndə əvvəlki nazirin dövründə yol verilmiş qanun pozuntuları geniş şəkildə cəmiyyətə açıqlanıb. Hər yeni rəhbərlik sosial müdafiə sahəsində - pensiyaların, əlilliyin, müxtəlif müavinət və yardımların təyinatında korrupsiyanın qarşısını alacağını bəyan edib. Lakin üstündən az keçmiş verilən vədlər yaddan çıxıb, proseslər yenidən əvvəlki neqativ məcrasına qayıdıb.
Belə gurultulu vədlərlə çıxış edən nazirlərdən biri də Səlim Müslümov idi. O, əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra müxtəlif xidmətlərin elektronlaşması istiqamətində ciddi addımlar atılsa da, bütövlükdə sistemdə kök salmış korrupsiyanı aradan qaldırmaq mümkün olmadı.
Baxmayaraq ki, keçirdiyi kollegiya iclaslarında rayon şöbə rəislərini nümayişkaranə şəkildə vəzifədən azad etməsi, əlilliyin təyin olunması sahəsində məmur-vətəndaş təmaslarının azaldılması üçün atılan bir sıra addımlar ictimaiyyət arasında onun şəffaflıq yaradacağına dair ümidləri artırmışdı. Az keçmədən məlum oldu ki, atılan addımlar real vəziyyətdə çox cüzi dəyişikliklərə gətirib çıxartdı. Sistemdəki problemləri Hesablama Palatasının apardığı yoxlamalar da üzə çıxardı. Məlum oldu ki, 2017-ci ildə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar da nəzərə alınmaqla, əlilliyə görə pensiya və müavinət alanların ümumi sayı Qubadlı (12 faiz), Daşkəsən (11,2 faiz), Kəlbəcər (11 faiz), Yardımlı (10,6 faiz), Gədəbəy (9,5 faiz), Cəlilabad (8,8 faiz), Ağcabədi (8,6 faiz), Mingəçevir (8,5 faiz), İsmayıllı (8,3 faiz) rayonlarında ölkə üzrə göstəricidən (6,1 faiz) xeyli yüksəkdir.
2018-ci ilin aprelində S.Müslümovu nazir postunda əvəzləyən Sahil Babayev fəaliyyətə başladığı ilk aydan etibarən əlilliyin təyinatı sahəsində vəziyyəti kəskin tənqid edərək, bu sahədə ciddi dəyişikliklərin aparılmasının zəruri olduğunu bildirdi. Dəfələrlə bu məsələnin üstündə dayanan nazir 4 rayonun TSEK sədrini bir gündə işdən azad etdi. Eyni zamanda əlilliyin təyinatı prosesinin elektronlaşdırılması istiqamətində S.Müslümovun dövründə başladılan işlər daha da təkmilləşdirilməklə davam etdirildi.
S.Babayevin təyinatından keçən dövr ərzində gördüyü işləri ölkə prezidenti yüksək qiymətləndirməklə yanaşı, sosial müdafiə sahəsində ciddi pozuntuların olduğunu da dilə gətirib: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.
Nazirin özünün mətbuata verdiyi məlumata görə, indiyədək aparılan araşdırmalar nəticəsində 2500-dək yanlış əlillik təyinatının aşkar edilərək ləğv olunub. S.Babayev bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib, əlaqədar strukturlara yeni əlillik təyinatlarının aparılmasına ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.
Ölkə prezidenti bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində dövlətin əsas sosial müdafiə alətlərindən biri olan ünvanlı sosial yardımın təyinatı prosesində ciddi qanunsuzluqlara yol verildiyini, ehtiyacı olmayan şəxslərə yardım təyin olunduğunu bildirib.
S.Babayevin dünən açıqladığı məlumatlardan aydın olur ki, araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Nazir həmçinin saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib.
Ötən il ərzində əlillik təyinatı 60 faiz azalıb. I qrup üzrə isə əllilik faizi 70 faiz azalıb. S.Babayevin bu barədə mətbuata verdiyi məlumata görə, saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var: “Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfindən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata yaxın vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.
Nazirin sözlərinə görə, aparılan optimallaşma, eyni zamanda əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib: “Növbəti dövrlər ərzində bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək”.
Göründüyü kimi, ötən ildən etibarən sosial müdafiə sistemində kök salmış korrupsiya hallarının aşkarlanaraq, aradan qaldırılması istiqamətində tədbirlərin davamlılığı təmin edilir. Bu isə saxta əlilliyin, ünvanlı yardımın təyin olunduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş S.Müslümovu diqqət mərkəzinə gətirir. Aşkarlanan pozuntuların əksəriyyəti məhz onun rəhbərliyi dövründə baş verib. Ölkə rəhbəri də sosial müdafiə sahəsindəki pozuntuları kəskin pisləyib. Bütün bunlar ƏƏSMN-in əvvəlki rəhbərliyinin başı üzərində qara buludların dolaşdığından xəbər verir.
Qeyd edək ki, hazırda S.Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışmaqdadır.
“Yeni Müsavat”