Axtarış...

”Əlilliyim olduğu halda, dərəcə verilmir, dağa-daşa salınıram” - GİLEY

”Əlilliyim olduğu halda, dərəcə verilmir, dağa-daşa salınıram” - GİLEY

52 yaşlı Kürdəmir sakini Tofiq Əzizovun bir gözü anadangəlmə görmür. Son bir ilin içində digər gözü də zəifləyib. Nəticədə o, görmə qabiliyyətini itirib və işləyib, ailəsini dolandıra bilmir. Tofiq Əzizov dəfələrlə aidiyyatı qurumlara əlillik dərəcəsinin təyini üçün müraciət edib, ancaq müsbət cavab ala bilməyib. Deyir, onu get-gələ salırlar. Əlillik dərəcəsini almaq üçün idarələri gəzmək imkanı isə yoxdur.

“Anadangəlmə görməyən gözümə görə pensiya almıram, bu, heç. Digər gözümə də o qədər yük düşüb ki, zəifləyib. İynə ucu boyda güclə görürəm. Son vaxtlar ümumiyyətlə, ağrıyır, yaşarır, qızarır, bir sözlə, zülmdəyəm. Ən pisi də iş qabiliyyətimi itirməyimdir. Daha evə çörək gətirə bilmirəm. Heç yerdən də bir qəpik gəlirimiz olmadığından, acınacaqlı duruma düşmüşük”.

“Bakıya getməyə lazım olan vəsaiti haradan alım?”

T. Əzizov əvvəllər bacısı oğlunun yanında fəhlə işləyirmiş. Deyir, günə 4-5 manat gəliri olurdu. Onunla birtəhər dolanırdılar. Ancaq indi o da yoxdur. Çünki işləyə bilmir:

“Dedim, heç olmazsa əlillik təyin edilsin, təqaüd alım, onunla birtəhər dolanım. Burada həkimə getdim, dedilər, “sənə göndəriş verək, Bakıya get, orada həll et işini”. Mənim isə çörək almağa pulum yoxdur, qaldı, buradan durub Bakıya getməyə lazım olan vəsaiti haradan alım?”

“Bakıya getməyəcəyimi anladıqları üçün məni yola verdilər”

Şikayətçi deyir ki, bundan əlavə, birdən-ikiyə Bakıya getməyib. Orada kimə müraciət edəcəyini, hara gedəcəyini də bilmir:

“Heç bilmirəm ora gedib, hara müraciət etmək lazımdır. Heç nədən başım çıxmır, üstəlik, gözüm görmür, pulum və orada qalmağa yerim yoxdur. Belə başa düşdüm ki, getməyəcəyimi anladıqları üçün məni yola verdilər”.

“Düşünün, bir evim, ailəm var və o evə bir qəpik girmir”

Tofiq Əzizov deyir ki, əlilliyin təyini üzrə komissiya hər rayonda olmalıdır. Daha insanlar özləri durub Bakı şəhərinə üz tutmamalıdırlar. Ən azından, o, belə eşidib:

“Mən əlillik dərəcəsinə görə niyə Bakıya getməliyəm? Görünür, nəsə umacaqları var deyə belə edirlər. Mən isə artıq nə edəcəyimi bilmirəm. Düşünün, bir evim, ailəm var və o evə bir qəpik girmir. Başqa nə ilə dolanmaq olar ki? Yoldaşım kənddəndir, onun ailəsi nə göndərirsə, dolanırıq, vəssəlam. Artıq buna görə də çox utanıram”.

“Bu gün biz çox ağır vəziyyətdə yaşayırıq”

Həqiqət Məmmədova Tofiq Əzizovun həyat yoldaşıdır. Deyir, dolanışıqları həddən artıq ağırdır. Buna görə mövsümdə pambığa gedir, gününə 3-5 manat qazanır, birtəhər dolanırlar. Amma o da həmişə olmur. Pambıq mövsümü olmayanda çox çətinliklə dolanırlar:

“Köhnə bir evdən başqa heç nəyimiz yoxdur. O da qaynanamdan qalıb, baldızımla bölmüşük. Yarısında o, yarısında biz yaşayırıq. Sosial yardıma da müraciət etmişik, ancaq “sizə düşmür”, – cavabı veriblər. Adımıza mülk, torpaq da yoxdur. İşləmirik, heç nəyimiz yoxdur. Düşməməsinin səbəbini açıqlamırlar. Nəticədə bu gün biz çox ağır vəziyyətdə yaşayırıq. Buna yaşamaq demək olarsa…”

Yanlış adamlara pensiya kəsilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bu yaxınlarda yaydığı bir məlumatda deyilirdi ki, Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin direktoru İlham Əvəz oğlu Əmirov heç bir xəstəliyi olmadan illərcə əlil kimi pensiya alıb. Nazirlik direktorun əlillik təyinatını ləğv edib.

“Nazirliyin əlillik məsələləri üzrə işçi qrupu müxtəlif risk qrupları üzrə davamlı araşdırmalar aparır. Əsassız göndərişlərlə əlillik təyinatı aparılmış şəxsləri müəyyənləşdirir və onların təyinatlarını ləğv edir. Onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur”, – nazirliyin sözçüsü Fazil Talıbov belə deyib.

“1300-dən çox saxta əlillik təyinatı ləğv edilib”

O bildirib ki, ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib: “Dövlət büdcəsinin illik qənaəti milyonlarla manatdır. Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz İlham Əmirovdur. Ona dair səhiyyə müəssisənin göndərişində talassemiya xəstəsi olduğu deyilir. Ona 2018-ci il yanvarın 12-dən müddətsiz II dərəcə əlillik təyin edilib. Bir müddət öncə həmin göndəriş onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız sayılıb. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz