Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə geniş müşavirə keçirib.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdən əvvəl nazir və Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildiriblər.
Dövlət başçısının Şəkidə yenicə açılışını etdiyi Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, "ASAN Həyat" Kompleksi və "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olunub.
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçimindən, "Elektron məhkəmə" informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılmasından bəhs edib, Prezidentin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülən işlərdən danışıb.
Müşavirədə sərəncamla məhkəmələrin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılaraq insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti vurğulanıb.
Həmçinin vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması ilə bağlı dövlət başçısının qəti tapşırıqlarının icrası üzrə tədbirlər qeyd olunub, məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunması, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin zəruriliyi vurğulanıb, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dönmədən əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində Zaqatalada rayon məhkəməsi üçün ən son texnologiyalarla təchiz olunmuş yeni müasir binanın istifadəyə verilməsi bu sahədə fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib.