Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” qəzetinin “Cümhuriyyət 100” adlı xüsusi buraxılışının ilk yazısı Prezident İlham Əliyevin mayın 28-də Cümhuriyyətin yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda dediyi bu sözlərlə başlayır.
Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 17 may 2017-ci il tarixli və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin xüsusi buraxılışı hazırlanıb. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış “Mədəniyyət” qəzeti redaksiyasının və “Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.
“Cümhuriyyət 100” xüsusi buraxılışında dövlətçilik tariximizin bu şanlı səhifəsinin zəngin irsi, 1918-1920-ci illərdə milli dövlət quruculuğunda əldə olunan nailiyyətlər, o dövrün mədəni irsimizə verdiyi töhfələr, eləcə də Mədəniyyət Nazirliyinin Cümhuriyyətin yubileyi ilə bağlı həyata keçirdiyi bir sıra layihə və tədbirlər, bütün ölkə boyu bu münasibətlə gerçəkləşən mədəni-kütləvi mərasimlər əksini tapıb.
Xüsusi buraxılışın böyük bir hissəsi ölkəmizin regionlarında “Cümhuriyyət ili” çərçivəsində gerçəkləşən tədbirlərə ayrılıb. 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olan Naxçıvanda, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarımızda təşkil olunan konsert və sərgilər, konfrans və dəyirmi masalar, digər mərasimlər nəşrdə əksini tapıb.
“Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” – ulu öndər Heydər Əliyevin bu tarixi sözləri “Cümhuriyyət 100” xüsusi buraxılışının ümumi leytmotivini əks etdirir.