Axtarış...

BƏƏ-də İslam tarixinə aid numizmatika sərgisi böyük marağa səbəb olub




Əbu-Dabidə Şeyx Zayed Böyük Məscidində açılmış numizmatika sərgisi İslam ölkələrinin tarixi və mədəniyyətini nümayiş etdirir. “İslam sikkələri. Tarixin şahidləri” adlı sərgidə 200-dən çox etnik qrupun keçmişini əks etdirən numizmatika nümayəndələri sərgilənir.

AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, sərginin kuratoru Alen Baron nadir sikkələrin İslam ölkələrinin tarixinə daha bir ekskursiya olduğunu vurğulayıb. Onun sözlərinə görə, 300-dən artıq eksponatın olduğu sərgi Birləşmiş Ərəb Əmirliklərinə səyahət edən hər bir insanın böyük marağına səbəb olur. Belə ki, onlar unikal sikkələrin öz xalqlarının tarixi ilə bağlı olduğunun da şahidi olurlar.

Əbu-Dabinin Mədəniyyət şöbəsinin müdiri Əminə əl-Həmmadi qeyd edib ki, ərəb və İslam ölkələrində ən böyük sikkə kolleksiyası olan bu sərgidə qadınların tarixdə roluna da yer ayrılıb. “Qadınlar qədim yunan, Roma və İslam tarixində mühüm rol oynayıblar. Bütün sivilizasiyalarda zərif cinsin nümayəndələri vacib olublar. Elə bu sərgi də BƏƏ Baş Nazirinin müavini Fatima bint Mübarəkin himayəsi ilə təşkil olunub”, -deyə o diqqətə çatdırıb.

Sərgi sikkələrin zərb edilməsinin təkamülünü əks etdirir. Eksponatların önündə tarixi faktlar və həmin dövrün hökmdarları barədə məlumat da qoyulub.

Qeyd edək ki, Əbu-Dabidə Şeyx Zayed Böyük Məscidində keçirilən müxtəlif mədəniyyət tədbirlərini hər il 6 milyondan çox insan ziyarət edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz