Axtarış...

Bakı Slavyan Universitetində AXC-nin 100 illiyi qeyd olunub - FOTO

Bakı Slavyan Universitetində AXC-nin 100 illiyi qeyd olunub - FOTO
Millitv.az Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib.

Universitetdən verilən məlumata görə, tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından BSU tələbələri Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi oxuyublar.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı “Gizli istiqlalçılar” adlı tarixi-sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncamını qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın öz dövlətçilik tarixinə yüksək sədaqət və ehtiramı kimi dəyərləndirib. N.Əliyeva 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən ölkə xaricində dövlət səviyyəsində mühüm tədbirlər keçirildiyini qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətini tariximizin ən parlaq səhifəsi adlandıran BSU rektoru müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıb.

N.Əliyeva AXC-nin tarixindən söhbət açaraq 100 il əvvəl cümhuriyyətin elan edilməsininin imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu qeyd edib. Rektor deyib ki, AXC mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib. 1990-cı illərin əvvəllində Azərbaycanda baş verən hadisələri xatırladan N.Əliyeva xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimizin qorunub saxlanıldığını, ölkəmizin inkişaf strategiyasının müəyyən edildiyini, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın bugünkü uğurları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığından danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən söz açıb. Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Akademik bildirib ki, Azərbaycan hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib.

Tədbir rəsmi hissədən sonra konsert proqramı ilə davam edib.



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz