Qarabağ üçün itirilən daha 9 ay: müharibəni önləmək mümkün olacaqmı? - TƏHLİL

Qarabağ üçün itirilən daha 9 ay: müharibəni önləmək mümkün olacaqmı? - TƏHLİL

2019-cu ilin 9 ayı arxada qaldı. Əfsuslar olsun ki, bəzi ümidlərin bəslənməsinə rəğmən, bu il Dağlıq Qarabağ konfliktinin dinc nizamlanması yönündə heç bir real və müsbət dəyişikliyin şahidi olmadıq. Necə deyərlər, “Qarabağ yükü” 9 ay öncə harada idisə, yenə orada qalır. Demək, daha 9 ay itirilmiş sayıla bilər.

Başlıca səbəb məlum: beynəlxalq birlikdən, konkret olaraq, ATƏT-in Minsk Qrupu üçlüyündən heç bir sanksiya, təzyiq görməyən işğalçı ölkə bu il də sülh prosesini özünün absurd, avantürist mövqeyi ilə tormozladı. Yeni iqtidar - Nikol Paşinyan hökuməti bu xüsusda az qala, sələflərinin “rekordları”nı da təzələdi. Ermənistan baş nazirinin BMT Baş Məclisinin 74-cü sessiyasında çıxışı buna bariz sübutdur. Doğrudur, bir gün sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT tribunasından onun cavabını layiqli şəkildə verdi, ancaq işğal faktı, status-kvo hələ ki dəyişməz qalır.

“Hazırda davam edən sülh prosesində əsas məqsəd Ermənistan tərəfindən başladılmış müharibənin nəticələrini aradan qaldırmaq, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edildiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal qeyd-şərtsiz və tamamilə çıxması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə və mülklərinə qayıtmasıdır”.

Bunu Elmar Məmmədyarov ötən həftəsonu BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu məqsədə nail olmaq mütləqdir və güzəşt edilə bilməz. 2019-cu ildə Dağlıq Qarabağ konfliktinin həlli yönündə heç bir irəliləyiş olmadığını təəssüflə vurğulayan nazir bildirib ki, Azərbaycan münaqişənin tez bir zamanda siyasi yolla həll edilməsinə sadiq olaraq qalır.

“Eyni zamanda danışıqlar sonsuzadək davam edə bilməz. Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmağa vaxt sərf etmək yerinə, Ermənistan status-kvonu saxlamaq cəhdlərinə son qoymalı və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Rəsmi Yerevan nə qədər tez öz dağıdıcı siyasi gündəminin perspektivlərinin çatışmazlığını anlasa, o qədər tez regionun bütün xalqları sülhdən, stabillikdən və əməkdaşlıqdan faydalana biləcək və Ermənistan öz təcavüzkar, düşmən siyasətinə görə hazırda üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial yükdən qurtula biləcək”, - deyə Azərbaycanın baş diplomatı qeyd edib və BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərə görə, ölkəmizin özünü müdafiə haqqının, yəni öz ərazi bütövlüyünü zor gücünə bərpa eləmək hüququnun olduğunu bir daha xatırladıb.

Məsələ də ondadır ki, fiasko olan sülh prosesi artıq müharibə ssenarisini sürətlə aktual etməkdədir. Bunu önləmək barədə ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri düşünməlidir. Əfsus ki, Minsk Qrupu vasitəçilik formatı və ya institutu olaraq, özünü doğrultmadı. Qurum rəhbərliyində olan 3 dövlətin - Rusiya, ABŞ və Fransanın bölgə ilə bağlı toqquşan maraqları da illərdir neqativ şəkildə Dağlıq Qarabağ probleminin dinc həll prosesinə yansımaqadır.

Demək, danışıqlar formatını dəyişdirməyin, onu daha çevik və effektli mexanizmlə əvəz eləməyin zamanı çatıb. Yaxud da Azərbaycan özünün müstəsna müdafiə hüququndan istifadə edib ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa etməli olacaq. Azərbaycan XİN başçısının BMT tribunasından bəyan elədiyi kimi, atəşkəs rejimi, danışıqlar sonsuzadək sürə bilməz. Bunun bir nəticəsi olmalıdır. Yəni atəşkəs ya böyük sülh anlaşmasına gətirəcək, ya da böyük müharibə ilə bitəcək. Üçüncü yol yoxdur.

*****

Konfliktin həllində sözsüz ki, Rusiya müstəsna məsuliyyət daşıyır. Həm də o səbəbə ki, Moskva işğalçı Ermənistanın əsas siyasi-hərbi müttəfiqi, faktiki onunla işğal ortağıdır. Lakin Rusiya eyni zamanda münaqişənin həllində özünü neytral vasitəçi kimi təqdim edir. Belədirsə, Moskva əməldə də göstərməlidir ki, o, qərəzsiz vasitəçidir və konfliktin aradan qaldırılmasına real töhfəsini verməlidir.

Yeri gəlmişkən, iki gün sonra - oktyabrın 3-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş Valday Beynəlxalq Müzakirə Klubunun toplantısı çərçivəsində reallaşacaq. Bir çox analitiklər hesab edirlər ki, Soçidə Qarabağ məsələsi iki dövlət başçısının məxsusi diqqət mərkəzində ola bilər. Ən azı, o ona görə ki, son aylar İrəvan rəsmilərinin destruktiv mövqeyi səbəbindən sülh prosesi heç vaxt olmadığı qədər mənasız duruma gəlib, dalana girib və bölgədə müharibə ehtimalı artıb. Bu isə əsas vasitəçi dövlət kimi Rusiyanı da narahat etməlidir.

Başqa sözlə, konfliktin həlli ətrafında hansısa hərəkətliliyin olması istisna edilmir. O da mümkündür ki, situasiyanın ciddiliyini nəzərə alan Rusiya lideri Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşünün keçirilməsi üçün təşəbbüs göstərsin.

Lakin indiyədək İlham Əliyevlə Nikol Paşinyan 3 dəfə görüşüb. Məsələ də ondadır ki, görüş naminə görüş praktikasına son qoyulmalı, yalnız nəticəyə hesablanmış təmaslar olmalıdır. Bakı məhz bunu gözləyir. İlk növbədə də Moskvadan. Çünki vasitəçi üçlükdən Rusiya qədər işğalçı Ermənistana, Dağlıq Qarabağdakı separatçı rejimə təsir-təzyiq rıçaqları olan dövlət yoxdur. Rusiya artıq onu da nəzərə almalıdır ki, faktiki, qapını kəsdirmiş müharibə onun regiondakı maraqlarını ciddi təhlükə altına alacaq, paralel surətdə Rusiyanın Türkiyə ilə yüksəlişdə olan əlaqələrini korlaya bilər. Çünki daima Azərbaycanın yanında olan Ankara bu və ya başqa şəkildə, özü də arzulamadan yeni Qarabağ savaşına cəlb oluna bilər.

Qarabağ probleminin dinc həlli üçün isə ən əvvəl “ikili standartlar” praktikasına son qoyulmalı, beynəlxalq hüququn norma və prinsipləri qeyd-şərtsiz qəbul olunmalı və onlara hörmət edilməlidir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının, digər nüfuzlu beynəlxalq təşkilatların Qarabağa dair qəbul elədiyi qətnamə və qərarları əsas götürülməlidir. Bundan kənarda münaqişənin uzunmüddətli həlli mümkün olmayacaq. Bunu gözləməyə və vaxt itirməyə dəyməz. Mümkün olsaydı, 25 illik atəşkəs dövründə olardı. Azərbaycan heç bir halda beynəlxalq səviyyədə tanınmış öz qanuni torpaqları ilə alverə getməyəcək, öz ərazisində ikinci saxta erməni dövlətinin yaradılmasına izn verməyəcək. Azərbaycan prezidenti İlham Əliyevin bəyan elədiyi kimi, bunu gözləyənlər boşuna gözləyir. Bu mesaj təbii ki, təkcə İrəvana deyil, işğalçı ölkəni hər hansı şəkildə, gizli-açıq formada himayə edən güclərə ünvanlanıb.

*****

Ermənistanda isə hazırkı baş nazir Nikol Paşinyandan narazılıq günbəgün artmaqdadır. “Məxməri” baş nazirin xarici siyasət kursu kimi, daxili siyasəti də getdikcə daha sərt tənqid hədəfinə çevrilməkdədir.

“Bizə indi hakimiyyət başında tarazlı bir adam lazımdır ki, konstruktivlik göstərsin, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa girməyi bacarsın, öz sözlərində sabitqədəm və etibarlı olsun”. “Yeni Müsavat”ın news.am saytına istinadən verdiyi məlumata görə, bu sözləri özünün facebook səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.

Tənqidin dozasını artıran Danielyan daha sonra qeyd edib: “Nikol istəsə də, istəməsə də istefa verməlidir və verəcək. Buna o məhkumdur. Ancaq bu, o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir. Hakimiyyət parlamentə məxsusdur, baş nazirə yox. Yeni hökumətin formalaşması da hakimiyyət dəyişikliyi anlamına gəlmir. Parlament tipli idarəçiliyi olan ölkələrdə bu, normal haldır”.

Erməni politoloqun sözlərinə görə, Paşinyan artıq destruktiv şəxsdir və o, cəmiyyəti konsolidasiya eləmək üçün öz şansından istifadə edə bilməyib: “O, aydın, anlaşılan adam deyil - istər öz bloku olan ”Mənim addımım" fraksiyasından olan həmkarları ilə, hansıların ki, əksəriyyəti ilə münaqişədədir, istərsə də güc strukturlarının zabitləri, məhkəmə sistemi nümayəndələri ilə münasibətdə - hansı sistem ki, artıq çöküş və tam gözdən düşmə ərəfəsindədir. Paşinyan eləcə də Ermənistan və “Artsax” cəmiyyətinin böyük hissəsi ilə konfliktli durumdadır. O, həmçinin beynəlxalq meydançalarda anlaşılan adam deyil. Beynəlxalq səviyyəli həmkarlar qarşısında o, yayğın, təhlükəli adam reputasiyası qazanıb. Paşinyan həmçinin daxili siyasətdə kortəbiidir. Mavr öz işini görüb, Mavr gedə bilər. Bizə indi elə bir tarazlı adam lazımdır ki, konstruktivlik göstərsin, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa girməyi bacarsın, öz sözlərində sabitqədəm və etibarlı olsun".

Daielyana görə, bu və ya başqa şəkildə Nikol Paşinyan onsuz da müddətindən əvvəl gedəcək. “Bu, nə qədər tez baş versə, bir o qədər bizim hamımız üçün, xüsusən də Paşinyanın siyasi komandası üçün yaxşı olar”, - deyə o, sonda xəbərdarlıq edib.

Əlbəttə, Azərbaycan üçün işğalçı ölkədə kimin hakimiyyət başında durmasının artıq bir elə önəmi qalmayıb. Erməni xalqı, nəhayət, anlamalıdır ki, Dağlıq Qarabağ konflikti yoluna qoyulmayınca Ermənistanın iztirabları bitməyəcək - ölkənin başında istər Paşinyan olsun, istərsə də onun qatı rəqibi... \\musavat.com//
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət