Axtarış...

III dünya müharibəsinin astanasında... - İlk atəşi kim açacaq?

III dünya müharibəsinin astanasında... - İlk atəşi kim açacaq?

ABŞ-İran gərginliyi region üçün yaxşı heç nə vəd etmir.

Politoloq Sahil İsgəndərov Redaktor.az-a açıqlamasında ABŞ və İran arasında yaşanan son prosesləri dəyərləndirib. Politoloq hesab edir ki, ABŞ və İran arasında yaşanan gərginliyə kompleks şəkildə baxmaq lazımdır:

III dünya müharibəsinin astanasında... - İlk atəşi kim açacaq?

“Əslində bir çoxları İrana qarşı atılan addımları ekssentrik prezident Donald Trampın müəmmalı və məntiqsiz siyasəti ilə əlaqələndirməyə çalışır. Amma belə deyil. Çünki ABŞ-ın xarici siyasəti nə Tramp, nə Klinton- konkret olaraq fərdlər tərəfindən müəyyənləşdirilir. ABŞ-ın xarici siyasəti strateji, ən azı 30-40 il bundan əvvəl hesablanmış siyasətdir. İran məsələsində ABŞ-da qıcıq yaradan məqamlardan biri məhz İranın Suriyada olan aktivliyi idi. Sözsüz ki, rəsmi Vaşinqton və Trampın nə cür qələmə verməsindən asılı olmayaraq, Suriyada Rusiyanın dirəniş göstərməsi, İranın mövcudluğu ABŞ-ın Yaxın Şərq planlarının çox böyük bir hissəsini pozdu. Hazırda Rusiyaya qarşı da ABŞ çox sərt addımlar atır. Eyni zamanda ABŞ-ın Yaxın Şərq siyasətində isə İrana yer yoxdur. Digər tərəfdən ABŞ İrana təzyiq göstərməklə, dolayısı ilə Rusiyaya da təsir edir”.

Politoloq vurğulayıb ki, burada İsrail və Çin faktoru da var:

“Yəni ABŞ və İran arasında gərginliyə sırf İran-Rusiya-ABŞ-İsrail dördbucağından baxmaq doğru olmaz. Burada gedən proseslər o qədər mürəkkəb və ziddiyyətlidir ki, prosesləri yalnız bir istiqamətdən qiymətləndirmək doğru deyil. Məsələyə ümumi kompleks şəkildə baxmaq lazımdır. ABŞ-da yəhudi lobbisi çox güclüdür. Trampın təmsil olunduğu Respublikaçılar Partiyası da özlərinin israilpərəst mövqeyi ilə seçilirlər. Burada Çin faktorunu da istisna etmək olmaz. Çin İran iqtisadiyyatına yatırımlarını artırır. Bu da ABŞ-ı narahat edir. Tramp ümumiyyətlə, İran məsələsində çox ardıcıl mövqedə dayanıb və İranla bağlı vədlərinin demək olar ki, hamısını yerinə yetirib”.

S.İsgəndərov qeyd edib ki, ABŞ-ın xarici siyasətində maraqlı dövr yaşanır:

“ABŞ-ın və dünyanın ən məşhur geostrateqi sayılan Bjezinski “Böyük şahmat taxtası” əsərində ABŞ-ın Çin və İranla eyni vaxtda müharibədən qaçmalı olduğunu qeyd edirdi. Amma hazırda tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Tramp Adminstrasiyası dövründə ABŞ-ın xarici siyasəti praktiki olaraq bütün müstəvilərdə eyni zamanda gərginlik yaratmaqla müşahidə olunur. Məsələn, ABŞ-ın İranla və Çinlə münasibətlərini kəskinləşdirməsi eyni dövrə təsadüf edir. Hazırda hadisələr çox ciddi və təhlükəli məcraya yönəlir. ABŞ-ın Fars körfəzinə “Avaam Linkoln” təyyarədaşıyan hərbi gəmisi, Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarı təhlükəli addımdır. Əslində bütün bunlar hərbi əməliyyatların istənilən vaxt başlaya biləcəyi təəsüratını yaradır”.

Politoloq hesab edir ki, ABŞ və İran arasında olan gərginlik hərbi müstəviyə keçməyəcək:

“Suriyada mövcud olan problemi həll edə bilməyən ABŞ İranda hərbi müdaxiləyə başlamaz. İranı Suriya və İraqla eyniləşdirmək olmaz. Baş verənlər bir növ əsəblərin gərginləşdirilməsi oyununu xatırladır. İlk səhvi kimin buraxacağı burada əsas məsələdir. ABŞ-ın praktikasında bu, ənənəvi siyasi metodlardan sayılır. Yəni ABŞ yaranan narazılıq fonunda müəyyən praktiki addımlar ataraq, öz rəqibini təxribata çəkmək siyasətinə üstünlük verir.

İranın öz ərazisində real müharibədən söhbət gedə bilməz. Amma Suriya ərazisində İsrail və İran, İranla ABŞ arasında hərbi qarşıdurmaların baş verməsi istisna deyil.

ABŞ və İran arasında açıq hərbi toqquşmaların baş verməsi III Dünya müharibəsinin yaranmasına səbəb olar”.



Şərh yaz