Finansist-general” “Generallar şəhərciyi”ndəki bu villanı maaşla necə tikdirib ?
Yenixeber.org: Ötən yazılarımızda “Generallar şəhərciyi”ndən bəhs etmişdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Səbail rayonunun Badamdar qəsəbəsində bəzi generallar özləri üçün ayrıca şəhərcik salıblar və öz aralarında buranı “Generallar şəhərciyi” adlandırırlar..
Bu şəhərcikdə bəzi generallar dövlətin Müdafiə Nazirliyinə ayırdığı milyonların hesabına özləri və yaxınları üçün dəyəri 10 milyonlarla olan villalar ucaldıblar.
Biz bir media orqanı olaraq 44 günlük savaşda qazandığımız möhtəşəm qələbəyə zərrə qədər də olsun kölgə salmaq fikrindən uzağıq.
Amma Müdafiə Nazirliyi sistemində baş verən neqativ hallara da göz yummaq fikrində deyilik.
Çünki neqativ hallar, rüşvət və korrupsiya halları dövlətimizin dayağı olan Orduda yol verilməzdir.
Heç kimə sirr deyil ki, bəzi generallarımızın mal-qara ferması, restoranları, villaları, ticarət obyektləri, yüz hektarlarla torpaq sahələri və s barəsində zaman-zaman dövrü mətbuatda yazılar dərc olunub.
Çox təəssüf ki, bu yazılar müvafiq qurumlar tərəfindən sonadək araşdırılmır və günahkar şəxslər layiq olduqları cəzanı almırlar. Bu isə cəmiyyətdə cəzasızlıq mühiti yaradır.
Və nəticədə az qala orta əsr krallarının qəsrlərini xatırladan “Generallar şəhərciyi” ortaya çıxır.
Axı, bu boyda şəhərciyi generalların dövlətdən aldığı maaşla tikdirmək heç cürə mümkün deyil. Deməli, ortada rüşvət, korrupsiya və ciddi maliyyə pozuntuları var.
Söhbət MALİYYƏ-dən düşmüşkən…
Bəli, “Genarallar şəhərciyi”ndə ən möhtəşəm villalardan biri kimə məxsus olsa yaxşıdır ?
Bəli, məhz Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədova.
Dəyəri təxminən 10 milyon manatla ölçülən möhtəşəm villa uzaqdan adamı çağırırır ki, mən korrupsiya və maliyyə oğurluğu ilə tikilmişəm.
Kimsə bizdən fakt-filan tələb edə bilər. Amma atalarımız deyib ki, görükən VİLLAYA nə bələdçi ?
Axı, adicə ibtidai təhsili olan adam da Nizami Məmmədovun maaşını aylara, sonra əmək stajına, yəni illərə vurub-çıxıb görər ki, alınan SUMMA villanın dəyərinin heç 10 faizini eləmir.
Yaxşı bu illər ərzində cənab generalın özü, ailə üzvləri nə yeyib, nə xərcləyib ki…
Bu boyda villa tikdirib.
Bu hələ Nizami Məmmədovun sahib olduğu çoxsaylı müklərdən, əmlakdan biridir. Biz hələ generalın milyonlarını saymırıq.
Həm də Nizami Məmmədovun vəzifəsi də adamı uzaqdan çağırır: MALİYYƏ İDARƏSİNİN RƏİSİ…
Deməli, dövlətin orduya və müdafiə sisteminə ayırdığı 100 milyonlar Nizami Məmmədovun qələminin ucundan gəlib keçir.
Məlumat üçün onu da qeyd edək ki, Nizami Məmmədov Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sadiq kadro”larından biridir.
Yeri gəlmişkən, Nizami Məmmədov barəsində əvvəlki xidmət sahələrində bir neçə dəfə cinayət işi açılsa da…
Bu barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.Gundəlik Bakı