Axtarış...

Mərkəzi Ordu İdman Klubunda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!

Mərkəzi Ordu İdman Klubunda NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!

Rüşvət və korrupsiya yuvasına bər-bəzəkli ad da tapıblar – Mərkəzi Ordu İdman Klubu.
Və burada xeyli sayda Azərbaycan əsgəri vətən qarşısında öz hərbi borcunu yerinə yetirir, yəni hərbi qulluq keçir.
Adama deyərlər, paytaxt Bakının göbəyində İdman Klubunda hərbi xidmət keçmək necə olur ?
Bəlkə, səhərlər klubun yaşıl meydançasında dombalaq aşmaq, günortalar gərnəşmək, axşamlar əsnəmək hərbi qulluqdur, cənablar ?
30 ildir müharibə gedən, şəhidlər verən ölkədə “dərə xəlvət tülkü bəy” deyib, özünü Mərkəzi İdman Klubunda günə verənlərə nə ad vermək olar ?
Bəs kasıb, imkansız ailələrin övladları döyüşdə şəhid olanda, minaya düşəndə siz harada idiniz, ay papasının gül balaları ?
Bəli, Mərkəzi İdman Klubu 30 ildir imkanlı, varlı, vəzifəli şəxslərin övladlarını həqiqi hərbi xidmətdən yayındırmaqla məşğuldur. Niyə, məqsəd nədir ?
Birincisi, vəzifəli şəxs övladını vətən yolunda ölməyə qoymur, övladını qoruyur. Vətəni yox, övladını.
İkincisi, bu haldan istifadə edən Mərkəzi Ordu İdman Klubunun rəsiləri təkcə son 30 ildə milyonlar qazanıblar.
Bəli, Müdafiə Nazirliyinin tabeçiliyində olan Mərkəzi Ordu İdman Klubu əsl rüşvət yuvasıdır.
Təsəvvür edirsiniz, ordudan, həqiqi hərbi xidmətdən yayınmağın qiyməti 20-30 min, son vaxtlar isə 40-50 min manat olub.
Bu yüksək maaş alan məmurun 5-6 illik maaşıdır. Bəs məmur haradan 30-40 min tapıb Mərkəzi Ordu İdman Klubunun rəislərinə verir?
Biz şanlı ordumuzun Aprel döyüşünü, 44 günlük müharibədəki möhtəşəm qələbəsini alqışlayırıq, ordumuzla qürur duyuruq. Amma qalib ordunun nüfuzuna kölgə salanlar da az deyil. Bizim də məqsədimiz ordumuzu deyil, problemləri yaradanları ifşa etmək, onlarla bağlı olan neqativ halları işıqlandırmaqdır.
Axı, cənab Prezident özü də dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin.
Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir.
Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Yuxarıda dediyimiz kimi, bu hərbi hissədə qulluq etməyin qiyməti ortalama 30- 40 min manatdır. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...Astronomik rəqəm alınır ee.
Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb.
Təsəvvür edə bilməzsiniz ki, müharibə gedən ölkədə məmur balaları MOİK-də necə qulluq edirlər.
Deməli, məmur övladı öz sürücüsü ilə 200 min dəyəri olan avtomobillə hansısa hərbi hissəyə gedir, orda and içmə mərasimindən sonra MOİK-ə “komandirovat” olunur və Allah qoymasa həqiqi hərbi xidmət başlayır.
Bu milyonları Rəşad Quliyev istəsə də təkcə mənimsəyə bilməzdi. Rəşad Quliyevin Müdafiə Nazirliyində şərikləri olmasa, onu çoxdan “gedər-gəlməzə hərbi xidmətə “ yola salmışdılar.
Görəsən, bu boyda cinayət əməllərini Müdafiə Nazirliyi, cənab nazir görmür ?
Görür, niyə görmür ?
Milyonları mənimsəyən həmən Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Yaxşı Rəşad Quliyevin əməllərini müdafiə nazirləri görməyib. Bəs Hərbi Prokuror niyə görməzdən gəlir ?
Əgər MOİK-də baş verən cinayət əməllərinə şərik deyilsə, niyə susur, niyə tədbir görmür ?
Qoy, bu suallara əlaqədar dövlət qurumları cavab versin. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz