Bir neçə gün öncə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəsmi internet səhifəsinə haker hücumu edildiyi və bunun ermənilərin işi olması ehtimalı barədə xəbərləri Moderator.az oxucularına çatdırmışdıq.
İndi isə həmin təşkilat barədə daha fərqli bir məlumat əldə etmişik və baş verənlərdən belə anlaşılır ki, ümumiyyətlə bu təşkilat daxilində heç də atəşkəs rejiminə əməl olunmur və bu üzdən intriqaların sədası daha ucadan eşidilməyə başlayıb.
Belə ki, təşkilatın rəhbəri 98 yaşlı general-polkovnik Tofiq Ağahüseynovun yerinə göz dikənlərin sayının artması vaxtilə adı bir çox qalmaqallarda hallanan eks məşhur personaları da hərəkətə keçirib.
Bunlardan biri Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin keçmiş rəisi, istefada olan general-mayor Məmməd Beydullayevdir. Keçmiş müdafiə naziri Səfər Əbiyevin "sağ əli" hesab olunan bu general Zakir Həsənov nazir postuna yiyələnər-yiyələnməz vəzifədən kənarlaşdırıldı və bir müddət gözdən-könüldən iraq qalmağı bacarsa da görünür yenidən özünü başqa platformada sınamaq həvəsinə düşüb. Məsələ burasındadır ki, iddialara görə, general-mayor yeni görəvə yalnız öz istəyi ilə deyil, təşkilatın rəhbərinin məsləhəti ilə gəlməyə hazırlaşır. Yəni postu "yad əllər"ə verməmək üçün təşkilatın sədri indidən profilaktik tədbirlər görməyə başlayıb və xələfini indidən müəyynələşdirmək istəyir. Amma bu o qədər də asan məsələ deyil. Çünki prezident İlham Əliyevin şəxsən hüsn-rəğbət bəslədiyi və himayə etdiyi bir təşkilata onun iradəsindən kənar kimsənin gətirilməsi heç də xoş qarşılanmaz. Eyni zamanda təşkilata üzvlük və vəzifələr təyinatla deyil, seçki ilə keçirilməli olduğundan məsələni, necə deyərlər, bir göz qırpımında reallaşdırmaq praktik cəhətdən mümkünsüzdür.
Ümumiyyətlə, Azərbaycanda ənənə halını almış bir əcaib oyun qaydası hökm sürür. Bu və ya digər səbəbdən vəzifəsindən kənarlaşdırılan, hətta nöqsanlara görə qovulan, barəsində çoxsaylı əsaslı ittihamlar olan və ya təqaüd yaşına çatan minlərlə keçmiş məmur, eləcə də güc strukturlarında xidmət müddətlərini başa vurmuş zabit və hətta generallar belə dəridən - qabıqdan çıxaraq yenidən hanısa posta yiyələnməyə can atırlar.
Bu, son zamanlar çox eybəcər hal almağa başlayıb. Eyni zamanda bu, prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın apardığı islahatların ruhuna da qarşı çıxmaq, gənclərin önünə kötük atmaqdır. Təbii, kimsənin təqaüdə çıxan vətəndaşımızın keçmiş xidmətlərini danmağa haqqı çatmır və onlarla cəmiyyətdə haqq etdikləri hörmətə layiq şəkildə davranılmalıdır. Amma faktiki olaraq uzun illər yüksək postlarda çalışmış, özünə sanballı həyat şəraiti qura bilmiş, bu gün də kifayət qədər yüksək təqaüd alan bir şəxsin yenidən hansısa kreslo dalınca qaranəfəsə yüyürməsi hər şeydən öncə yumşaq desək, çox ayıbdır... //moderator.az//