Axtarış...

Lerikdə şəhid abidəsinə qarşı tərbiyəsizlik - Fotolar


Lerik rayonunun Monidigah kəndində I Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.

Bu iddia ilə “Qafqazinfo”ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib.

Onun sözlərinə görə, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib: “Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Bir gün əvvəl gecə saatlarında şəhidin abidəsi üzərində vandalizm hərəkətləri ediblər. Səhər gəlib gördük ki, bulağın özünə və yeni salınmış körpüyə heç bir zərər vurulmayıb, ancaq şəhidin portreti bu hala salınıb. Açılışa şəhid ata-anaları gəlmişdi, onlar da bunu görüb sanki yaraları təzələndi”.

R.Nəzərov bildirib ki, açılış bitəndən sonra hadisə ilə bağlı polisə məlumat verilib: “Bu açıq-aşkar təxribatdır, dövlətə qarşı, onun azadlığı uğrunda canından keçən şəhidə qarşı vandallıqdır. Biz istəyirik ki, bu hadisəni törədənlər dərhal müəyyənləşdirilsin”.

Qeyd edək ki, Əliyev Sabir Xeyrulla oğlu I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1995-ci ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.

DİN-in Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirildi ki, artıq hadisəni törədən şəxs tapılıb: “Araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib”.



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz