Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tabor komandiri mayor Rahib Babayevin ailəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin laqeydliyindən şikayətçidir.
KONKRET.az xəbər verir ki, şəhidin həyat yoldaşı Aygün Babayeva İcra hakimiyyətinin işçisi Fərman Kazımovun qəbulunda olduğunu, lakin orada gördüyü münasibətdən sonra təəccüb və təəssüflə geri döndüyünü deyib: “Bizi şəhid ailəsi kimi qəbul etdi. Guya problemlərimizi dinləyib mənə kömək edəcəkdi. Bu şəxs belə davranışla orada necə vəzifədə işləyir, başa düşmürəm. Açıq-aşkar dedi ki, o cür pis vəziyyətdə olan evi aldığı üçün şəhid özü günahkardır. Fikrindən anladım ki, uşaqlarımın xəstələnməsi və şəraitsiz evdə əziyyət çəkməsi elə şəhidin öz günahıdır”.
Aygün Babayeva deyir ki, həyat yoldaşı Xəqani Cəbrayılovun korpusunda xidmət etdiyi üçün ona belə münasibət sərgilənir: “Vətən müharibəsi qəhrəmanı” adını ala bilməyibsə, satqın Xəqani Cəbrayılovun korpusunda xidmət edibsə, yenə də şəhidin özü günahkardır. Sonda Fərman Kazımov mənə dedi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhidə başdaşı qoyub, Türkiyədən gələn iş adamlarından bir karopka makaron göndərib və bütün bunlar böyük köməklikdir”.
Şəhid ailəsinin sözlərinə görə, yaşadığı ev çox bərbad vəziyyətdədir, yaşayış üçün yararlı deyil, təmirə də yaramır: “Özləri də yaxşı bilir ki, evimiz yay-qış günəş görmür, nəmişlik olur, kanalizasiya suları isə evə daşır. Uşaqlarımın həyatını xilas etmək üçün kirayə çıxmaqdan başqa əlacım yoxdur. Vətənə qüsursuz xidmət edən şəhidin ailəsinə ev verilmir”.
P.S Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Fərman Kazımovun mövqeyini də dərc etməyə hazırıq!