v
Bu yazının baş “qəhrəman”ı Qobustanın icra başçısı Adil Məmmədov olduğu üçün öncə “qəhrəman”ımızın ömür yoluna nəzər salaq.
Adil Məmmədov ixtisasca baytar olduğu üçün sovet dövründə uzun müddət müxtəlif kolxozlarda baytar işləyib.
Müstəqillik dönəmində isə, 1994-cü il tarixdən 2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 2002-ci il tarixdən 2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 2004-cü il tarixdən 2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 2011-ci il tarixdən isə Qobustan rayonu İcra hakimiyyətinin başçısı işləyir.
İndi isə keçək əsas mövzuya.
Deməli, 28 ildir müxtəlif rayonlarda icra başçısı işləyən və milyonlar qazanan icra başçısı nəyin davasını etsə yaxşıdır ?
Bir şəhid bulağının suyunun pulunun davasını edir cənab Adil Məmmədov.
Sonra nəyin davasını edir, bizim “qəhrəman” ?
Şəhid bulağında qoyulacaq sayğacın davasını...
Sözün düzü, adamm belə mövzuda yazmaq üçün söz tapmağa çətinlik çəkir.
Görəsən, baytar-icra başçısı başa düşmür ki, şəhidlər olmasaydı, onun kimi icra başçıların talehinin necə olacağı məlum deyildi ?
Görəsən, xalqın hesabına milyonlar qazanan icra başçısı 4-5 manat su pulundan utanıb qızarmır ?
Bəli, şəhidin qardaşı deyir ki, doğum günündə qardaşım - Vətən müharibəsi şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikmək istəyirik.
Ancaq icra hakimiyyəti buna icazə vermir. İcra başçısı deyib ki, siz tikdirsəniz o biri şəhid ailələri də tələb edəcək.
Olsun də, cənab Adil Məmmədov. O biri şəhidlərin xatirəsinə bulaq tikilsə daha savab olar.
Bəlkə, satmağa torpaq qalmayacaq, cənab başçı ?
Axı, şəhid bulağının tikintisi üçün nə qədər yer lazımdır ?
İcra hakimiyyətində bildiriblər ki, şəhid bulağındakı istifadə olunan suyun pulunu kim verəcək ?
Vallah çəkiləsi dərd deyil.
Şəhidin qardaşı deyir ki, bütün xərcləri özümüz, ailəmiz çəkəcəyik, suyun pulunu da özümüz ödəyəcəyik.
Yenə “yox” cavabı verirlər.
Şəhidin anası rayonun deputatının qəbulunda olur, dərdini deyir.
Deputat deyir ki, bunun üçün bələdiyyədən sənəd almalısınız və digər məsələlər.
Deputat da soruşur ki, sayğacın pulunu kim verəcək ?
Ana cavab verir ki, hər şeyi özüm edəcəm. Yenə deputat konkret cavab vermir.
Ana oğlunun oxuduğu məktəbin oğlunun adına verilməsini istəyir. Deputat deyir ki, bu məsələ mənlik deyil.
Məktəb məsələsi ilə bağlı icra başçısı cavab verib ki, mənlik deyil, Təhsil Nazirliyinə yazın.
Məlumat üçün qüyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olan Sərxan Hacıyev Silahlı Qüvvələrdə “MAXE” kimi xidmət göstərib. Ötən il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə kürəyindən qəlpə yarası alıb və bir həftə neytral ərazidə qaldıqdan sonra nəşini götürmək mümkün olub. “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
İndi görək şəhidə bir bulaq qıymayan icra başçısı milyonları necə qazanır ?
2020-cu ildə Qobustan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 5 milyon 220 min 821 manat məbləğində 17 tender keçirilib.
Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılmasına 3 milyon manat vəsait xərclənib.
Bəli, bir küçənin abadlaşdırılmasına 3 milyon manat...
Daha yazmağa söz qalmadı...Sözün bitdiyi yer.
P.S Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini dərc edə bilərik. //gundelik-baku.com//