Tək çıxış yolu – BALAKƏN CAMAATININ 1 SENTYABRDA DÖNÜK NƏSİB BƏYDƏN ÜZ DÖNDƏRMƏSİDİR
Parlament seçkiləri yaxınlaşdıqca Yeni Azərbaycan Partiyasının (YAP-ın) namizədlərinin seçicilərlə olduqca sönük keçən görüşlərini tez-tez müşahidə edirik. Onlardan biri də YAP İdarə Heyətinin qərarı ilə 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevdir. Budur o, YAP Balakən rayon təşkilatının sədri Azad Balayevi də yanına alaraq, düşüb Balakən rayonunun kəndlərinə, yayın bu cırhacırında camaatı yığıb qapalı məkanlara, ancaq və ancaq YAP-ın bu dəfə də qalib gələcəyindən danışır.
Vaxtilə Balakəndə qan uddurduğu bu sadə və narazı camaatın üzünə baxıb utanmaq, heç olmasa nəsə vəd etmək əvəzinə Nəsib Məhəməliyev sonradan üzv olduğu YAP-ın böyüklüyündən danışır.
Biri çıxıb sual etməyib ki, Nəsib Məhəməliyev dəmiryolçu olduğun halda, hansı məmurun köməyi ilə icra başçısı oldun və ya vaxtilə üzv olduğun, hətta Balakən rayon təşkilatının sədr müavini vəzifəsi həvalə olunmuş Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) niyə xilaf çıxıb YAP-a qoşuldun?
Təbii ki, bu suallara Nəsib Məhəməliyev səmimi cavab verə bilməz. Ona görə ki, Nəsib bəy çıxıb deməyəcək ki, “mənə icra başçısı vəzifəsi təklif edəndən sonra siyasi əqidə nədir, partiyanı atmaq nədir, dönüb arxama da baxmadım”. Ən pis halda deyə bilər ki, “YAP-ın ölkədə xarüqələr yaratdığını bir az gec dərk etdim və qurub yaratmaq eşqi ilə hakim partiyaya üzv oldum”. Sağ olsunlar, YAP-da söz sahibi olanlar da Nəsib bəyin bu addımını “dönüklük” kimi yox, “uzaqgörənlik” və ya “gözüaçıqlıq” kimi qəbul edib, ondan səmərəli şəkildə istifadə ediblər.
Məhəməliyev isə doğrudan da “gözüaçıq” olub, dərhal Balakən rayonunun icra başçısı postunu “işarələyib”, 6 il sonra Bakıya gedərək düz 9 il Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olub. Onun başçı vəzifəsindən azad olunmasını o vaxt himayədarı Ziya Məmmədovun mövqeyinin zəifləməsi səbəbi ilə bağlasalar da, sonradan Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd göstərilməsi, hətta özünün də deputat olmaq arzusunu dilə gətirməsi sabiq VHP-çinin hələ də YAP-a lazım olduğundan xəbər verirdi. N.Məhəməliyevin o vaxt belə bir açıqlaması da vardı ki, guya dövlət başçısından şəxsən xahiş edib ki, onu icra başçısı vəzifəsindən azad etsin. Prezidentə YAP-dan (məhz YAP-dan) namizəd olmaq arzusunu da çatdırıb.
Səbəb?
Nəymiş əfəndim? Nəsib bəy Məhəməliyev artıq yığdığını yığıb, gələcək nəvə-nəticəsi üçün də ehtiyatını toplayıb, indi də Milli Məclisdə təmsil olunmaq istəyirmiş. Arzuya bax! Nəsib bəyin arzusu çin oldu və Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı ola bildi.
Qeyd edildiyi kimi, YAP-ın namizədi kimi seçkiyə qatılmaq niyyəti bu dəfə də təmin edilən Nəsib bəyin 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. Görünür, YAP o boyda Balakəndə özünə sərf edən birini tapa bilməyib ki, sabiq VHP-çiyə ümid bağlayır. Əks halda rayondan qovulmaq ehtimalı ola-ola onu mandat xatirinə öz rayonuna göndərməzdilər.
Ən azı ona görə ki, əslən Balakən rayonundan olan və orada icra başçısı işləyən Nəsib Məhəməliyevi həmyerliləri onun birinci dəfə namizədliyini irəli sürməsinə belə etiraz etmişdilər. Medianın Balakən camaatına istinadən yazdığına görə, rayonda, demək olar ki, heç bir nüfuz və dəstəyi yoxdur. Ona görə ki, N.Məhəməliyev Balakən rayon icra hakimiyyətinin başçısı olanda kasıblara qayğı göstərmək üçün yox, özünün zənginləşməsi üçün çalışıb. Hətta icra başçısı işlədiyi dövrdə qəbuluna gələnləri polislərə, mühafizəçilərinə döydürüb. Nəsib Məhəməliyevin dövründə rayonda rüşvət, məmur özbaşınalığı hökm sürüb. Balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb.
Buna görə də Balakən camaatı hələ 2015-ci ildə ona qarşı etiraz bildirmişdi. Lakin Nəsimi rayonunun keçmiş icra başçısı YAP-dan namizəd kimi parlamentə düşə bildi. Bununla da deyilənə görə, qardaşının idarə etdiyi obyektlərini və var-dövlətini sığortalatdırmış oldu. Çünki vaxtilə nəqliyyat naziri "Ziya Məmmədovun adamı kimi" ad çıxaran Nəsib Məhəməliyev Nəsimi rayonunda işləyəndə elə öz rayonunda xeyli əmlak sahibi olub. Belə ki, medianın yazdığına görə, Nəsimi rayonu ərazisində apteklər, ofis binaları, restoranlar, şadlıq evləri, dükan və mağazalar, çayxanalar, villalar məhz Nəsiminin sabiq başçısı Nəsib Məhəməliyevə məxsus olub.
Onu da qeyd edək ki, N.Məhəməliyev Nəsimi rayon İcra hakimiyyətinin başçısı olduğu dönəmdə daha bir qalmaqala imza atmışdı. Belə ki, rayonun ərazisində, Mircəlal Paşayev küçəsində yerləşən 5 mərtəbəli binaların həyətində Heydər Əliyev Fondu adından uşaq baxçası kompleksi inşa etdirmişdi. Nəsib Məhəməliyev bu baxçanı həyat yoldaşının adına özəlləşdirdiyi üçün baxçanın fəaliyyətinə icazə verilmədiyindən acığa düşən Nəsib bəy 2 mərtəbəli, təqribən, 200 uşaq yerli olan bağça kompleksinin qapısına qıfıl vurdurub. Az qala 10 ildir davam edən bu özbaşınalığı YAP-ın deputatı olduğu üçün davam etdirən Nəsib Məhəməliyevin mandat arzusu bu dəfə də çin olacağı təqdirdə, Heydər Əliyev Fondu adından inşa etdirdiyi bu əmlakı hələ çox ağzı bağlı saxlayacaq...
Beləliklə, günün sualı: 25 illik YAP stajı dönəmində N.Məhəməliyev Balakən və paytaxtın Nəsimi rayonlarına hansı müsbət işi ilə yadda qalıb ki, 3-cü dəfə YAP-çı kimi mandat əldə etmək uğrunda mübarizəyə qatılıb?
Bakıda elə yaxşı işləyibsə, Nəsimi rayonundan namizədliyini verə bilərdi. Deməli, burada zərrə qədər hörməti qalmayıb ki, məmələkətinə yenidən üz tutaraq, orada hansı yolla olsa da, arzusunu gerçəkləşdirə bilir. Bu halda əvvəlcə Balakən rayonunu viran qoyan sabiq VHP-çi Məhəməliyevə məhz balakənlilərin səsləri hesabına növbəti dəfə YAP-çı deputat mandatı əldə etmək yaraşırmı?
Maraqlısı odur ki, Balakəndə də onu istəməyən çoxdur. Fəqət, bu zalım oğlu Nəsib bəy onu istəməyn Balakən əhalisindən yenə də əl çəkmək istəmir. Ondan xilas olmağın isə təkcə çarəsi – BALAKƏN CAMAATININ 1 SENTYABRDA DÖNÜK NƏSİB BƏYDƏN ÜZ DÖNDƏRMƏSİDİR.(Aztoday.az)