Axtarış...

Lider namizədlərin müəyyənləşmədiyi seçki dairələrində deputatlığa əsas iddiaçılar kimlər olub?




Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, seçkinin əhatə etdiyi 125 seçki dairəsindən 118-də lider namizədlər elan olunub, 7 seçki dairəsi üzrə lider namizəd hələlik müəyyənləşməyib.

Lider namizədlərin müəyyənləşmədiyi seçki dairələri 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi və 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

Seçkilərdə keçirilən “exit-poll”un nəticələrinə görə, bu dairələr üzrə lider namizədlər aşağıda kimi müəyyənləşib:

17 saylı Yasamal Üçüncü Seçki Dairəsi - Elnur Allahverdiyev

35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Abbasov (Rauf Arifoğlu)

42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili

44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədov

77 saylı Astara Seçki Dairəsi - Rəşad Mahmudov

123 saylı Kəlbəcər Seçki Dairəsi - Aqil Məmmədov

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi - İsmayılov İmamverdi.

Bununla yanaşı, qısa araşdırmadan sonra qeyd olunan dairələr üzrə əsas mübarizənin kimlər arasında getdiyini aydın görmək olur. Belə ki, 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində əsas mübarizə YAP-ın deputatlığa namizədi olan Elnur Allahverdiyev, REAL Cümhuriyyətçilər blokunun namizədi, vəkil Cavad Cavadov, “Hərəkət” seçki blokunun namizədi Azər Qasımlı və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev arasında gedib.

Təşviqat müddətində 35 saylı Xətai Üçüncü Seçki Dairəsi daha çox diqqət mərkəzinə düşən dairələrdən olub. Bu dairədə deputatlığa əsas iddiaçılar “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadədir, əsas rəqabət də onların arasında gedib.

42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən YAP-ın namizədi Tahir Mirkişili olub.

44 saylı Sumqayıt-Xızı seçki dairəsində də qalib müəyyənləşməyib. Bu dairənin favorit namizədi, sabiq deputat Hacı Salayev təşviqat dövründə namizədliyini geri götürüb. YAP-ın bu dairədən namizədi Müşfiq Məmmədov olub.

77 saylı Astara Seçki Dairəsindən isə YAP tərəfindən Rəşad Mahmudovun namizədliyi irəli sürülüb.

123 saylı Kəlbəcər Seçki Dairəsində YAP-ın namizədi Aqil Məmmədov olub.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində gedən proseslər də təşviqat müddətində maraqla izlənilib. Bu dairədə əsas mübarizə YAP-ın namizədi İmamverdi İsmayılovla Anar Əsədli arasında gedib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz