YAP-ın 50 saylı Abşeron – Qobustan seçki dairəsindən deputatlığa namizədi Elman Mikayılovdur.
Reportyor.info-nun əldə etdiyi xəbərə görə, E.Mikayılov Qobustan Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.
Uzun illərdir bu dairədən millət vəkili xalq artisti Zeynəb Xanlarova olub. Hakim partiyanın atdığı bu addımı bir ilk saymaq olar. Belə ki, YAP bu müddət ərzində Zeynəb Xanlarovanın dairəsindən namizəd irəli sürməyib.
Ancaq E.Mikayılovun bu dairədən namizədliyi formal irəli sürülüb. Onun deputat olacağı gözlənilmir. Eyni vəziyyət 73 saylı Lənkəran şəhər seçki dairəsi ilə bağldır.
Lənkəran Təhsil Şöbəsinin müdir müavini Güloğlan Baloğlan oğlu Bağırovun namizədliyi hakim partiya tərəfindən dəstəklənib.
Ancaq bu dairədən iş adamı kimi tanınan deputat Rüfət Quliyevin yenidən qalib ediləcəyi gözlənilir.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən də YAP-ın namizədi uduzdurmaq üçün irəli sürülüb. Rəhimov Rəşad Akif oğlu böyük ehtimal ki, səs almayacaq. Onun yerinə deputat Aqil Abbas təzədən seçiləcək.
Əhmədov Urfan Nizaməddin oğlu93 saylı Bərdə şəhər seçki dairəsindən partiyanın namizədidir. Lakin gün kimi aydındır ki, bu dairədən yenə mandatın sahibi Zahid Oruc olacaq.
107 saylı Qazax seçki dairəsindən namizəd isə Tağıyev Niyazi Yusif oğludur. Amma müşahidəçilərin fikrincə, Kamran Nəbizadə yenidən bu dairədən deputat olacaq.